
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli AzTV-də çıxışı zamanı bildirib.
N.Məmmədli qeyd edib ki, jurnalistlərin reyestrdən keçməsi və vəsiqə əldə etməsi könüllü xarakter daşıyır: “Bəzən deyirlər ki, qanunda könüllü sözü harada yazılıb? “Media haqqında” qanunda jurnalistin media reyestrindən keçməsi üçün hər hansı məcburetmə tədbiri nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, reyestrdə qeydiyyatdan keçmək könüllüdür. Media subyekti isə reyestrdə qeydiyyatdan keçməlidir. Dövlət bu barədə məlumatlı olmalıdır. Artıq 183 media subyekti reyestrdə qeydiyyatdan keçib, 207 nəfərə də jurnalist vəsiqəsi verilib. Baxın, Ədliyyə Nazirliyində 5 minə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. İndi isə aşağı-yuxarı 200-ə yaxın media subyekti reyestrdə var. Sual yaranır, 4 800 kütləvi informasiya vasitəsi haradadır? Ola bilməz axı birdən buxarlansın, yoxa çıxsın... Jurnalistlərin də sayının 15-16 min olduğu deyilirdi, bəs yaxşı, 14 800 insan haradadır, nə işlə məşğuldurlar? Doğrudanmı, bunlar media sahəsində fəaliyyət göstərirlər? Bəlkə bu, ifadə azadlığına manipulyasiya predmetidir? Bu rəqəmlər şişirdilib, reallığı ifadə etmir, onlar media sahəsində peşəkar fəaliyyət göstərməyiblər. Jurnalist adını spekulyasiya hədəfinə çevirənlərin sayı jurnalistlərin sayından dəfələrlə çox olub. Sual yarana bilər ki, dövlət nə üçün jurnalistlərin sayını bilmək istəyir? Azərbaycan dövləti jurnalistlərə, media subyektlərinə güzəşt tətbiq etmək istədikdə, sayı bilməlidir. Məsələn, jurnalistlər sosial ipoteka alan zümrəyə daxil edilib. Dövlət bilməlidir ki, nə qədər vəsait ayrılmalıdır ki, jurnalistlər də bu imtiyazdan istifadə edə bilsin. Azərbaycan dövləti hansısa jurnalistə və ya media subyektinə məcburi qaydada imtiyaz təqdim etmir. Güzəşt və imtiyazlar təklif olunur, yararlana da bilərlər, yararlanmaya da... Dövlətin prinsipində yeganə yanaşma ondan ibarətdir ki, təklif edilən güzəştlər jurnalistlərin peşəkar fəaliyyətinə mane olmasın”.
Tehsil-press.az