BDU-da Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş spartakiadanın qalibləri mükafatlandırılıb

BDU-da Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş spartakiadanın qalibləri mükafatlandırılıb Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş spartakiadanın bağlanış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqı Ümummilli Lider, müstəqil dövlətimizin memarı və qurucusu, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü böyük sevinc və ehtiramla qarşılayır. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra gənclər, idman, elm və təhsil siyasəti dövlətin əsas prioritetləri sırasına daxil edilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri həm təhsil, həm idman sahəsində bütün dünyada öz uğurları ilə seçilirlər.
Daha sonra idman yarışlarının qalibləri elan olunub.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yarışlarda BDU-nun bütün fakültələrindən 5 idman növü üzrə 300-dək tələbə iştirak edib.
Spartakiada çərçivəsində keçirilən fakültələrarası futbol turnirində Tarix fakültəsi I yerə, Hüquq fakültəsi II yerə, Coğrafiya fakültəsi isə III yerə layiq görülüb.
Voleybol yarışlarında Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi birinci, Ekologiya və torpaqşünaslıq fakültəsi ikinci, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi isə üçüncü yeri tutub.
Daha sonra şəxsi birincilik yarışlarının qalibləri mükafatlandırılıb. Qaliblər kubok və medallarla təltif olunublar.

Tehsil-press.az



Oxşar xəbərlər