ADA Məktəbində IB Beynəlxalq Diplom Proqramının təqdimatı olub

ADA Məktəbində IB Beynəlxalq Diplom Proqramının təqdimatı olub ADA Universitetinin nəzdində 2019-cu ildən etibarən fəaliyyət göstərən ADA Məktəbi IB Beynəlxalq Diplom Proqramını tədris etmək hüququ qazanıb. ADA Məktəbində həmin proqramın təqdimat mərasimi keçirilib.
Təhsil işçilərinin, mütəxəssislərin iştirak etdikləri tədbirdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal ADA Məktəbi, onun fəaliyyəti, məktəbdə tədrisin təşkili barədə danışıb.
“ADA Məktəbinin fəaliyyəti beş ildən az müddəti əhatə etsə də, əldə edilən uğurlar beş ilə sığmayacaq qədərdir. Məktəbimiz hər zaman beynəlxalq standartlara nail olmağa çalışıb.
IB Beynəlxalq Diplom Proqramı yeni nailiyyətlər üçün platforma və imkanlar təqdim edəcək. Proqram çərçivəsində Azərbaycan normalarına uyğunlaşdırılmış təhsil veriləcək və ölkəmiz üçün lazım olan fənlər də tədris olunacaq.
Beynəlxalq səviyyədə tanınan kurikulum əsasında təhsil şagirdlərimizə təkcə Azərbaycanda deyil, xarici universitetlərdə də rahatlıqla təhsil almaq imkanı verəcək”, - deyə prorektor Kazdal əlavə edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolunu qeyd edib. O, ADA Universitetində təhsilə töhfə verən müxtəlif layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.
IB Beynəlxalq Diplom Proqramı ilə bağlı fikirlərini bildirən M.Vəliyeva deyib: “IB Beynəlxalq Diplom Proqramı müasir dünya üçün lazım olan bilikləri inkişaf etdirməyə imkan verir. Bu istiqamətli proqramlar təhsil sektorunda sistemin və dəyərlərin təkmilləşdirilməsində və yenilənməsində böyük əhəmiyyət kəsb edir. Bu Proqram ADA Məktəbində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi işinə fayda verəcək”.
Daha sonra ADA Məktəbinin Şagird qəbulu və qeydiyyatı şöbəsinin meneceri Leylaxanım Zeynalova Məktəbə qəbul şərtləri ilə bağlı çıxış edib.
IB Beynəlxalq Diplom Proqramının rəhbəri Samir Cavadov proqramın əsas üstünlüklərindən və şagirdlərin sosial bacarıqlarının inkişafını hansı formada dəstəkləyəcəyindən bəhs edib.
IB Proqramının koordinatoru Qədir Mikayılov interaktiv təqdimatla çıxış edərək proqramın yaradıcılıq, fəaliyyət, xidmət kimi elementlərinə və təməl gözləntilərinə toxunub.

Tehsil-press.az



Oxşar xəbərlər