
N.Abdullayev qiymətləndirmə ilə bağlı məsələlərə də aydınlıq gətirib: “Test imtahanlarında subyektiv yanaşma qətiyyən mümkün deyil. Burada tələbə kompüterlə baş-başa olur. İmtahan bitəndə monitorda neçə bal topladığını, dolayısı ilə qiymətini öyrənir və bu göstərici avtomatik olaraq sistemə işlənilir. Bəzi fənlər var ki, onlarda test imtahanı ilə tələbənin biliyini tam qiymətləndirmək mümkün deyil. Məsələn, tərsimə həndəsə, torpaq kadastrı, layihələndirmə və s. Bu tip fənlərdən digər üsullarla imtahan götürülür. Həmin imtahanları testdən fərqli olaraq ekspertlər (müəllimlər) yoxlayır, lakin onlar kimin işini yoxladığını bilmir. Bütün işlər yoxlamaya göndərilmədən öncə şifrələnir, işin üzərindən tələbənin adı, soyadı olan hissə götürülür. Şifrələnmiş iş yoxlanıldıqdan sonra şifrəsi açılır və tələbənin qiyməti elektron şəkildə onun azmiu.edu.az portalı üzərindəki elektron kabinetinə göndərilir”.
O qeyd edib ki, imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. Bundan əlavə, imtahan sessiyası dövründə rektorun sədrliyi ilə yaradılmış Münaqişə (Apellyasiya) Komissiyası da fəaliyyət göstərir. Burada imtahanların nəticələri barədə müraciətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır.
Tehsil-press.az