BDU-nun Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov elmi seminarların tədris metodlarının təkmilləşdirilməsində mühüm rol oynadığını, işğaldan azad edilən ərazilərlə bağlı geniş tədqiqatlara ehtiyac duyulduğunu qeyd edib.
Coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev işğaldan azad olunmuş ərazilərin zəngin su ehtiyatlarına malik olduğunu nəzərə alaraq, onların müasir tədqiqat üsulları ilə modelləşdirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, məruzəçi - dosent Bənövşə Mehdiyeva riyazi modelləşdirmə sahəsində çoxsaylı elmi tədqiqatların müəllifidir. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunda MATLAB proqramında çayların və sel hadisələrinin modelləşdirilməsi ilə bağlı tədqiqatlar aparır.
Məruzəçi Bənövşə Mehdiyeva işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə olunması üçün çaylarda hidroloji rejimin tədqiqinin vacibliyini qeyd edib. Təqdim edilən tədqiqat işinin Həkəri çayının və onun qollarının riyazi modelləşdirilməsinin bəzi aspektlərini əhatə etdiyini, riyazi modelin qurulması üçün MATLAB proqramlaşdırma sistemindən istifadə edildiyini diqqətə çatdırıb. Seminarda Həkəri çayının orta illik axımı, su ehtiyatlarının idarə edilməsi, çayda baş verən sel hadisələri barəsində də məlumat verilib.
Elmi seminar mövzu ətrafında müzakirələrlə davam edib.
Tehsil-press.az