Ordumuz ərazi bütövlüyümüzə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır - Vüqar Rəhimzadə

Ordumuz ərazi bütövlüyümüzə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır - Vüqar Rəhimzadə Tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmiz qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. O zamandan iki ildən artıq vaxt keçməsinə baxmayaraq işğalçı Ermənistanın konkret addım atmaq barədə düşünmədiyi diqqətdən kənarda qalmır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirən Azərbaycan bunu qarşı tərəfdən də tələb edir. Sülh müqaviləsinin imzalanması istiqamətində müxtəlif formatlarda və məkanlarda aparılan danışıqların, keçirilən görüşlərin nəticəsi olaraq Ermənistan Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəklədiyini bəyan etsə də, sülh müqaviləsini imzalamaqdan yayınır. Təkcə son zamanlar sülh müqaviləsinin imzalanması yönümündə atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, may ayının 1-4-də ABŞ-da iki ölkənin xarici işlər nazirlərinin sülh sazişi üzrə danışıqları baş tutdu. Nazirlər mayın 19-da Rusiyanın paytaxtı Moskvada da görüşdülər. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 14-də Brüsseldə, mayın 25-də Moskvada görüşü oldu. İyunun 1-də isə Kişineuda “Avropa siyasi birliyi”nin növbəti sammiti çərçivəsində beştərəfli formatda- Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron görüş keçirdilər.İyulun 21-də isə Brüsseldə növbəti üçtərəfli görüşün keçirilməsinə dair razılıq əldə olunub.
Göründüyü kimi, Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində bütün səylərini göstərir, müxtəlif formatlarda görüşlərə qatılmaqla konkret addımın atılmasında maraqlı olduğunu nümayiş etdirir. Ümumilikdə ölkəmiz Brüssel formatını dəstəkləyir.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, hadisələrin gedişindən də bu reallıq özünü aydın şəkildə nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və hər vasitə ilə bu prosesin uzanmasına səy göstərir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində səsləndirdiyi “Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur” bəyanatı özündə bütün məqamları açıqlayır.
İstər 30 illik işğal, istərsə 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə dünya Azərbaycanın, rəşadətli Ordumuzun hansı imkanlara malik olduğunun şahidinə çevrilib. Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt qələbəsi Azərbaycan Ordusunun hansı gücə malik olduğunu nümayiş etdirdi. İşğalçı Ermənistan aldığı dərsdən nəticə çıxarmayaraq yeni ərazilər uğrunda müharibə planları hazırladı. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbr kasasını doldurdu. Başlanan əks-hücum əməliyyatı rəşadətli ordumuzun artan gücünün təqdimatı oldu. Bir an belə olsun geri çəkilməyən ordumuz 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. Dünyaya səs salan Şuşa əməliyyatı Ermənistanın məğlubiyyəti oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın müharibəsiz, siyasi yolla geri qaytarıldı. Qeyd etdiklərimiz Azərbaycan Ordusunun rəşadətinin, şücaətinin təqdimatı olmaqla yanaşı, Ermənistana və ona havadarlıq edənlərə ciddi dərs kimi dəyərləndirilir.
Baş redaktor bildirib ki, lakin bu dərsdən də nəticə çıxarmaq istəməyən Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün hərbi təxribatlarını davam etdirdi. Azərbaycan Ordusunun “Qisas” və “Qətiyyətli cavab” kimi əməliyyatları bir daha təsdiqlədi ki, ordumuzun gücü, qüdrəti daim artırılır, döyüş qabiliyyəti gücləndirilir. “Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik” söyləyən dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili fonunda qarşıdakı dövrün hədəflərini açıqlayır. Onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilin 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin açarlarını təqdim edərkən bu çağırışı da etmişdir ki, artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əgər yenə də Ermənistan saxtakarlıq etməsə, mövqeyini dəyişməsə, sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.
Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışı, bəyanatı Ermənistana və ona havadarlıq edən dövlətlərə çiddi mesajdır. Təəssüflər olsun ki, işğalçı dövlət təxribatlarından əl çəkmir, bəzi dünya gücləri baş verənlərə laqeyd yanaşmaqla vəziyyətin gərginləşməsində maraqlı olduqlarını açıq-aydın göstərirlər. İyunun 26-da Qarabağda törədilən təxribat regionda sülhün təminatına qarşı növbəti cəhd oldu. Əvvəldə də qeyd etdiyimiz kimi, təxribatlar danışıqların pozulmasına, 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə hesablanıb. Təxribatın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşləri ərəfəsində törədilməsi Ermənistanın məqsədli niyyətindən irəli gəlir. Bu, bir daha təsdiqlədi ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Erməni təxribatı nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına cavab gecikmədi. “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi. Azərbaycan dövləti daim bu çağırışı edir ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. İşğalçı dövlət 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.
Reallıq budur ki, Qarabağdakı terrorçu rejim birbaşa Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdədir. Belə olan halda bu sual hər kəsi düşündürür - Bu qüvvələrə dəstək verən korrupsioner və erməni lobbisinin sifarişi ilə fəaliyyət göstərən bəzi Qərb dairələri əslində kimlərin marağına xidmət edirlər?
Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olur. Bunu hələ də işğalçı Ermənistana havadarlıq edib vəziyyəti gərginləşdirmək yolunu tutan bəzi aparıcı dövlətlər və beynəlxalq təşkilatlar da yaxşı bilir. Dövlət başçısı İlham Əliyevin “Biz hələlik özümüzü təmkinlə aparırıq” çağırışı qarşı tərəfə ciddi mesajdır. Vahid proqram əsasında inkişaf etdirilən, döyüş qabiliyyətini günbəgün artıran Azərbaycan Ordusu müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır.

Tehsil-press.az




Oxşar xəbərlər