“Hər kəs öz işini şəhidlər kimi görməlidir...” - Hafiz Paşayev

“Hər kəs öz işini şəhidlər kimi görməlidir...” - Hafiz Paşayev Real TV-nin rəhbəri Mirşahin Ağayevin müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişində Azərbaycanın görkəmli diplomatı, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev qonaq olub.
Budəfəki verilişdə Qazax Müəllimlər Seminariyasının tarixinə, seminariyanın Azərbaycan ictimai-siyasi məkanında yerinə toxunulub. Aparıcı tərəfindən verilən sualları səmimi cavablandıran Hafiz Paşayev, Mirşahinin təbirincə desək, ekran qarşısındakılar üçün mühazirə deyib.
Hafiz Paşayev ADA Universitetində yaradılan Qazax Mərkəzi barəsində məlumat verərək bildirib ki, bu qərara 2018-ci il Cümhuriyyətin 100 iliyi ərəfəsində gəlindi: “Düşündük ki, cavanlara o dövr haqqında məlumat verək, imkan olsa bəzi nəşrlər edək. Təəssüf ki, o dövr haqqında bizim o qədər məlumatımız olmayıb. Biz istədik, bu tarixi yeni üslubda açaq. Mən Şəmistan Nəzərlinin “Qoridən gələn qatar” adlı kitabını oxuduqdan sonra gördüm ki, Qori Seminariyasında böyük mütəfəkkirlər Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Müslüm Maqomayev oxuyub. Bu adları oxuduqda öz-özümə utanırdım ki, bu mütəfəkkirlər haqqında eşitsək də harada oxuduqlarını bilmirdim. Mənim bir üstünlüyüm var idi ki, evdə Mir Cəlal müəllim bizə danışardı. Xüsusən ədəbiyyat xadimləri haqqında məlumatım var idi. Mir Cəlal müəllimin ədəbi məktəblər barəsində doktorluq dissertasiyası var idi. O zamanlar yazıb-yaratmış şəxslər haqqında məlumatı ilk dəfə Mir Cəlal müəllim toplamışdı”.
“Biz qarşımızda təhsil, maarif missiyasını qoymuşuq, amma yeni üslubda, yeni səviyyədə. Qazax Seminariyasının məqsədi ibtidai sinif müəllimləri hazırlamaq idisə, bizim məqsədimiz rayon müəllimlərinin səviyyə və keyfiyyətlərini artırmaqdır. Təhsilin idarə edilməsi, təhsilin metodikası sahəsində mütəxəssislərimiz var. Onlara arxayınlaşaraq dedik ki, rayon müəllimlərinin keyfiyyətini artıran poroqram hazırlayaq. Bilirsiniz mənim manifest sözündən xoşum gəlir, ona görə proqramın da adını “Bir müəllim manifesti” qoyduq. 500 nəfərdən seçilən 40 nəfəri Amerikaya göndərdik. Orada inkişaf etmiş adamlar oldu”,- deyə professor qeyd edib.
H.Paşayev vurğulayıb ki, "Azərbaycan" qəzetinin ərəb əlifbasından latın qrafikasına keçməsi ən böyük işlərdən biridir: “Kaş tələbə vaxtı bu qəzeti oxuya bilərdik. Mən təsəvvür etməzdim ki, o dövrdə qəzetdə Azərbaycan xanımı elan verib ki, Holqins küçəsində diş həkimiyəm, gəlin dişlərinizə baxacağam. Bu, bizim o dövrdə nə qədər inkişaf etdiyimizi göstərir”.
“Biz hər birimiz öz yerimizdə elə işləyək ki, ümumi işə töhfə olsun. Hər bir işin əsasında təhsil durur. Hamı əsgər olub bilavasitə gedib vuruşa bilməz. Lazım olsa, əlbəttə vuruşar. Hərə öz işində effektiv olmalı, öz işini ləyaqətlə, şəhidlərin vəzifələrini yerinə yetirərkən göstərdikləri ehtirasla görməlidir. Azərbaycanın inkişaf tarixinin ən vacib mərhələsindəyik”, - deyə professor fikirlərini tamamlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər