Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat aparılır

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat aparılır Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azerbaijan” layihəsi çərçivəsində keçiriləcək Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat aparılır.
Festival noyabrın 27-dən dekabrın 2-dək Bakı Ekspo Mərkəzində 15 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunacaq.
Festivalda iştirak üçün qeydiyyat oktyabrın 1-dək davam edəcək.
Üçüncü dəfə keçiriləcək festivalın əsas məqsədi müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaradılmasıdır. Dünyada keçirilən bu tip yarışlara şagirdlər və məktəblər xüsusi olaraq qatılırlar. Prosesə mərkəzləşdirilmiş şəkildə yanaşma daha yaxşı nəticələr əldə etməyə imkan yaradacaq. Bu cür tədbirlərin keçirilməsi həmin sahənin ölkə üzrə tətbiqi və genişlənməsi baxımından da effektivdir.
Qeyd edək ki, təhsilimizin qloballaşan dünyaya inteqrasiyasının prioritet sahə olduğunu nəzərə alaraq 2019-2020-ci tədris ilindən başlayaraq ölkəmizdə “STEAM Azerbaijan” layihəsi tətbiq olunur. Layihənin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmək qabiliyyətlərini yüksəltməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər