Rəsədxana: Çandrayan-3 missiyası uğurla davam edir

Rəsədxana: Çandrayan-3 missiyası uğurla davam edir Çandrayan missiyası çərçivəsində Aydan fotolar və Ay səthinin temperaturu haqqında məlumatlar gəlməkdədir. Belə ki, Ay səthinin Praqyan roveri tərəfindən çəkilmiş fotoları artıq paylaşılıb. Fotolardan birində roverin təkərlərinin izi, digərində isə krater görünür. Avqustun 27-də diametri 4 metr olan bu krater səbəbindən Praqyan yolunu dəyişib və hazırda təyin olunmuş marşrut üzrə hərəkət edir. Missiya zamanı, həmçinin 10 santımetr dərinliyə kimi temperaturun dəyişməsi ölçülüb. Əvvəllər hesab olunurdu ki, Ayın səthi 20⁰-30⁰ C-yə kimi qızır, lakin alınan məlumatlarda temperaturun təxminən 70⁰ C-yə kimi artdığı məlum olub.
Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Avqustun 23-də Vikram modulu Aya yumşaq eniş edib və Praqyan roveri Ayın səthinə buraxılıb. Ayda cazibə qüvvəsi Yerdən zəif olduğuna görə enmə zamanı qalxan tozun yatması üçün gözləmək lazım olub.
Vikram - enmə modulunda süxurların temperaturunu ölçmək üçün zond (ChaSTE), seysmoqraf, Ay səthində plazmanın sıxlığını və dəyişkənliyini ölçmək üçün Lenqmur zondu, məsafənin dəqiq təyini üçün lazer retrorefrektor və mikrorefrektor quraşdırılıb.
Praqyan roverinin çəkisi 26 kiloqram, sürəti 36 m/saatdır. Roverdə 2 kamera və 2 cür cihaz yerləşdirilib. Cihazlardan biri lazer spektrometri - buxarlanmış maddənin spektrinə əsasən kimyəvi tərkibi təyin edir, digəri isə alfa-rentgen spektrometri (APXS) - süxurların kimyəvi tərkibini təmasla və rentgen flüoresensiyası vasitəsilə təyin edir. Enmə modulu və roverin istifadə müddəti ilkin olaraq 1 Ay günü ( ~14 Yer sutkası) nəzərdə tutulub.
Çandrayan proqramı Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (İSRO) tərəfindən hazırlanıb. Proqram çərçivəsində 3 missiya həyata keçirilib. Çandrayan-1 missiyası 2008-ci il oktyabrın 22-də reallaşıb və “Moon İmpact Probe” zondu Ayətrafı orbitə daxil olub. Missiyanın müddəti 2 il nəzərdə tutulsa da, 10 aya başa çatıb. “Moon İmpact Probe” Ayın Cənub qütbü ətrafında sərt enmə edib. Çandrayan-2 (2019-cu il 22 iyul) missiyası isə uğursuz olmasına baxmayaraq, bu dəfə modulun enməsində məhz Çandrayan-2 orbiterindən istifadə olunub. Sonuncu Çandrayan-3 (2023-cü il 4 iyul) missiyası çərçivəsində Vikram modulu Ayın Cənub qütbü yaxınlığında yumşaq enmə edərək tədqiqatlara başlayıb. Çandrayan proqramının məqsədi Ayda faydalı qazıntılar və qütblər yaxınlığında buzun axtarışıdır. Qütblərin yaxınlığındakı böyük kraterlərin dibi daimi kölgə olduğundan, orada buz olması ehtimalı var. Buzun axtarışı gələcəkdə Ayda məskunlaşma üçün vacib faktorlardan biridir.
Qeyd etmək lazımdır ki, Çandrayan-3 missiyası zamanı Praqyanın Ayın səthinə enməsi ilə Hindistan Aya yumşaq enən 4-cü ölkə olub və Ayın Cənub qütbü ətrafına yumşaq enmə reallaşdıran ilk ölkə olub. Ümumilikdə isə Çandrayan proqramı davam edir və 4-cü missiya hazırlıq mərhələsindədir.

Tehsil-press.az


Oxşar xəbərlər