Həkimi də yetişdirən müəllimdir

Həkimi də yetişdirən müəllimdir Müsahibimiz “World Medicine” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin direktoru, tanınmış iş adamı və xeyriyyəçi Hidayət Heydərovdur.
- Salam Hidayət müəllim, necəsiniz?
- Salam Vahid müəllim, dostlar sağ olsun, yaxşıyam.
- Hidayət müəllim, bəlkə elə söhbətimizin əvvəlindəcə oxuculara özünüz haqqında bir qədər məlumat verəsiniz?
- Mən Heydərov Hidayət Abbasəli oğlu 1961-ci ildə Gədəbəy rayonunun Çanaqçı kəndində anadan olmuşam. Orta məktəbi anadan olduğum kənddə başa vurmuşam. Azərbaycan Memarlıq və İnşaat Universitetini, daha sonra isə Belorusiya Dövlət Universitetinin hüquq fakultəsini bitirmişəm. 1997-cü ilə qədər müxtəlif dövlət orqanlarında Dövlət Məmuru olaraq çalışmışam. 2003-cü ildə “World Medicine” şirkətinin Azərbaycanda yaradıcılarından biri olmuşam. Hazırda həmin şirkətinin Azərbaycan-Türkmənistan və Afrika dövlətləri üzrə nümayəndəliyinin baş direktoru vəzifəsində çalışıram. “Zəfər” medalı, “Vətən” fəxri-media diplomu, “Qafqaz Avards – 2023” mükafatı və.s bir çox çeşidli ödüllərlə təltif olunmuşam. Hal-hazırda Gədəbəy rayonunn fəxri vətəndaşıyam.
- Xahiş edirəm, rəhbərlik etdiyiniz şirkətin bu günkü durumu haqqında ətraflı şəkildə məlumat verəsiniz?
- Hazırda dünyanın 50-dən artıq ölkəsinə dərman ixrac edən “World Medicine” Şirkəti Azərbaycanda 2003-cü ildən fəaliyyətə başlamışdır. Şirkətin yaradıcılarından biri kimi deyə bilərəm ki, aradan ötən 20 il ərzində bir çox uğurlara və həyata keçirdiyimiz əhəmiyyətli layihələrə imza atmışıq. Deməliyəm ki, bir şirkət olaraq fəaliyyətimizin əsas istiqamətini həkimləri və xəstələri yüksək keyfiyyətli dərman preparatları ilə təmin etmək təşkil edir. “World Medicine” Şirkətinə məxsus dərman preparatlarının yüksək keyfiyyəti, istehsalda yeni texnologiyaların tətbiq edilməsi ilə əlaqədardır və bu dərman preparatları GMP (Good Manufacturing Practice) və FDA (Food and Drug Administration) tələblərinə cavab verir.
“World Medicine” - nin Azərbaycan Respublikasında nümayəndəliyi indiyədək olan fəaliyyəti ərzində dərman preparatları haqqında informasiyanın həkimlərə çatdırılması ilə yanaşı, nümayəndəliyin təşkilatçılığı ilə qocalar evində, gözdən əlillər cəmiyyətində, əqli və ya fiziki inkişafı qüsurlu olan uşaqlar üçün xüsusi təyinatlı internat evlərində xeyriyyə məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirmişdir. O cümlədən Şəhid ailələrinə və Qazilərə şirkətimiz tərəfindən daim diqqət və qayğı göstərilir.
“World Medicine” - nin Azərbaycan Respublikasında nümayəndəliyi bu günə qədər ölkənin müxtəlif şəhər və rayonlarının xəstəxana, poliklinika, dispanser və özəl tibb mərkəzlərində yüzlərlə elmi konfrans və seminar keçirmişdir. Nümayəndəlik tərəfindən xarici dövlətlərin alimlərinin ölkəmizin alimləri ilə birgə elmi yeniliklərinin müzakirələri təşkil edilmişdir.
Qeyd etməliyəm ki, bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dərin və uzaqgörən siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin əsas prioritetlərini güclü, qüdrətli, demokratik Azərbaycan dövlətinin qurulması və sivil dünyaya inteqrasiya olunması təşkil edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edərək qalib ölkə statusu daşımaqdadır. Biz də bir şirkət olaraq hər zaman fəaliyyətimizlə cənab Prezidentin yanındayıq və onun uğurlu siyasətini dəstəkləyirik.
- Siz həm də iş adamı və xeyriyyəçi kimi tanınmısınız. Bu istiqamətdə bir çox əhəmiyyətli layihələr həyata keçirmisiniz...
- Bu sualınıza cavab olaraq öncə onu deyim ki, tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq hər kəs doğma ocağına, elinə-obasına qırılmaz tellərlə bağlı olmalıdır. Mən də hər zaman bu düşüncə ilə yaşamışam. Bir halda ki, soruşdunuz, onda gəlin görülən işlərin bir neçəsi haqqında məlumat verim. Anadan olduğum Çanaqçı kəndinin işıqlandırma sisteminin qurulmasını və 30 minə qədər ağacdan ibarət meşə zolağının salınmasını reallaşdırmışam...
Onu da qeyd edim ki, xeyriyyəçilik insanın mahiyyətindən irəli gəlir. Xeyriyyəçilik etmək üçün mütləq iş adamı olmaq şərt deyil. Xeyriyyəçilik harasa milyonlarla, yüz minlərlə manat pul xərcləmək demək də deyil. Xeyriyyəçilik bir missiyadır. Kimisi bu missiyanı bir manatla edir, kimisi milyonlar xərcləməklə. Kimisi də sadəcə başqasına gülümsəməklə. Məncə, yolu keçməkdə çətinlik çəkən qocaya yardım etmək də xeyriyyəçilikdir, yetimin başına sığal çəkmək də, hətta yayın qızmar günlərində küçədəki bir pişiyə su vermək də. Yəni xeyriyyəçilik xeyir işlə məşğul olmaqdır ki, bu da hər kəsin bacaracağı işdir. Məncə, hər kəs bu missiyaya qoşulmalıdır və bunu daxili borcu qəbul etməlidir. Bu, kiminsə üzərinə minnət qoymaq üçün edilməməlidir. Mənim fəlsəfəm, həyata baxışım budur. Belə yaşamağa çalışmışam, bundan sonra da həyatımı bu istiqamətdə qurmaqda davam edəcəm, inşallah.
- Xüsusilə də 44 günlük Vətən Müharibəsi dövründə ön cəbhəyə faydalı yardımlar etmisiniz. Elə müharibədən sonra da mütəmadi olaraq Qazilərə və Şəhid ailələrinə yardımlar edirsiniz...
- Bəli, Gədəbəy rayonunun 7 kəndi üzrə I və II Qarabağ müharibəsi Şəhidlərinin xatirəsinə abidə kompleksi inşa etdirdim. Vətən Müharibəsi ərəfəsində və ondan sonrakı dövrdə Şəhid ailələrinə və Qazilərə mütəmadi olaraq maddi və mənəvi dəstək vermişəm və bu müqəddəs missiyamı bu gün də davam etdirirəm.
Onu da deyim ki, Vətən Müharibəsi yalnız Ali Baş Komandanın, generallarımızın və sıravi hərbçilərimizin sınağı deyildi. Bu, hamımızın davası, müharibəsi, sınağı idi. Həm də özümüzü təsdiqləmək üçün bir fürsət idi. Belə bir söz var: - “Demə ki, vətən sənin üçün nə edib, de görək, sən vətən üçün nə etmisən?” Bu sualın cavabını vermək üçün hər birimizin əlinə bir fürsət keçmişdi. Vətən müharibəsində hərbçilərimiz səngərlərdə idilərsə, biz də - mülki vətəndaşlar da arxa cəbhədə, mənən onlarla çiyin-çiyinə idik. O 44 gündə biz bir idik, bir yumruq idik. Biz o günlərdə millət olaraq həqiqətən birlik nümayiş etdirməyi bacardıq. Vətənin bizim üçün müqəddəs olduğunu bütün dünyaya göstərə bildik. Sübut etdik ki, bizim üçün vətəndən pay olmur, bizim üçün torpaqdan güzəşt olmur, zaman bizə torpaqlarımızı unutdurmur və biz işğalla barışan bir millət deyilik. Məncə, zəfərimizin əsas səbəbi də bu idi. Birliyimiz, vətən anlayışımız bizi qalib etdi. O günlərdə pensiyaçı pensiyasından, tələbə təqaüdündən, uşaq velosiped üçün ayırdığı puldan vaz keçməyi bacardı. 7-dən 70-ə “Öncə vətən!” dedik. Maddi imkanı olmayanların isə dillərindən dua düşmədi. Bütün bunlar, bəlkə bu gün bir qədər pafoslu səslənir, amma bizim bir millət olaraq yaşadığımız gerçəklik idi.
Mən də bir azərbaycanlı olaraq üzərimə düşəni etmişəm. Etməli idim də. Etdiklərim mənim borcum idi. Səngərdəki əsgərə, qərargahdakı komandirə dəstək olmaq o gün namus məsələsi idi. Məncə, onlar xalqın dəstəyini hiss edirdilər. Etdiklərimiz onlara əlavə ruh yüksəkliyi verirdi. O gün mövqe ortaya qoymaq lazım idi. Yalnız danışmaq yox, iş görmək vacib idi. Mənim də əlimdən gələn nə idisə, onu eləməyə çalışdım. İndi də eləməyə davam edirəm. Ola bilsin müharibə qurtarıb, ancaq qazilərimiz var, şəhid ailələri, onların övladları var. Onlar bizə şəhidlərimizin əmanətləridir. Onlara sahib çıxmalıyıq. Dövlət bu işi sistemli şəkildə həyata keçirmək üçün YAŞAT Fondu qurub. Kim istəsə bu fonda yardım etməklə, kim istəsə də birbaşa həmin ailələrə yardım göstərməklə bu prosesə qoşula bilər.
- Bildiyimiz kimi müəllimlər və həkimlər bu gün cəmiyyətin daha çox qayğıya möhtac olan təbəqələridir. Axı təsadüfi deyil ki, Yaponlar ölkənin güc nazirliklərindən söhbət düşəndə tərəddüdsüz səhiyyəni və təhsili ön plana çəkirlər. Bu həm də müəllim və həkim adının altında hansı məsuliyyətin dayandığından xəbər verir...
- Dediklərinizlə razıyam. Həm müəllimlər, həm də həkimlər bir cəmiyyətin əsas sütunlarıdır. Əgər həkimlər cəmiyyətin fiziki sağlamlığının təminatçılarıdırsa, müəllimlər cəmiyyətin parlaq gələcəyinin təminatçılarıdır. “Sağlam bədən, sağlam ruh” konsepsiyasına uyğun olaraq, deyə bilərik ki, cəmiyyətin bədəninin sağlamlığı həkimlərin, ruhunun sağlamlığı isə müəllimlərin əlindədir. Xüsusilə də müəllim peşəsinə yanaşma müstəsna olmalıdır. Çünki elə o həkimi yetişdirən də müəllimdir. Nəinki həkimlər, eləcə də müxtəlif peşələrdə çalışanlar məhz müəllimlərin məhsuludur. “Mənə bir hərf öyrədənin 40 il köləsi olaram” təfəkkürü bizə çox mesajlar verir. Biz də bir cəmiyyət olaraq, müəllimlik və həkimliyə nə qədər çox dəyər versək, o qədər tez inkişaf edərik. Bu, həm də müəllimlərimizin və həkimlərimizin üzərinə bir məsuliyyət qoyur. Müəllimimiz də savadlı, savadlı olduğu qədər də vicdanlı vətəndaş yetişdirmək missiyasını yerinə yetirməlidir. Eləcə də həkimimiz sağlam nəsillərin yetişdirilməsi üçün əlindən gələni etməlidir.
- Bu günlərdə “Medpro Marketing” adlı jurnal təsis etdiniz. Belə bir jurnal təsis etməyiniz hansı istəkdən yarandı və gələcəkdə bu jurnalın fəaliyyət istiqamətləri necə olacaqdır?
- Fəaliyyətimiz dövründə şirkətimiz daim mətbuata və KİV-ə münasibətdə açıq olmuşdur. Elə buna görədir ki, “Medpro Marketing” adlı dövri olaraq üç ayda bir dəfə nəşr olunacaq elmi-kütləvi tibb jurnalı təsis etməyi qərara aldıq. Yüksək keyfiyyətlə dərc olunacaq jurnalımızda müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı həkim rəyləri, tibblə bağlı olan maraqlı məlumatlar, elmi məqalələr və müsahibələr, o cümlədən şirkətimizə məxsus dərman preparatları haqqında məlumatlar yer alacaqdır. Jurnalımızı ərsəyə gətirəcək yaradıcı heyətə və gələcəkdə jurnalımızın oxucusu olacaq hər bir kəsə uğurlar arzulayıram!
- Maraqlı və səmimi fikirlərinizə görə redaksiyamız adından təşşəkür edirəm!
- Mən də şəxsən öz adımdan və rəhbərlik etdiyim şirkətin kollektivi adından “Müəllim sözü” qəzetinin işgüzar komandasına uğurlar arzulayıram!

Söhbətləşdi:
VAHİD ASLAN


Həkimi də yetişdirən müəllimdir

Həkimi də yetişdirən müəllimdir


Oxşar xəbərlər