Konfransda dünyanın 14 ölkəsinin - Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və Yunanıstanın 102 universitetindən 234 elm adamı iştirak edəcək.
Məruzələr həm əyani, həm də onlayn formatda, konfransın işçi dilləri olan Azərbaycan, türk, ingilis, rus, ərəb və çin dillərində dinləniləcək. Konfransın açılışı 24 sentyabr 2025-ci il saat 10:00-da Azərbaycan Dillər Universitetinin R.Behbudov küçəsi 134 ünvanında yerləşən əsas binasında olacaq.
Açılışda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın, eləcə də Azərbaycanın və Türkiyənin tanınmış elm və təhsil xadimlərinin, dilçilərinin, ədəbiyyatşünaslarının, tərcüməçilərinin təbrik sözləri səslənəcək.
Konfrans müddətində ümumilikdə 42 bölmə və 1 xüsusi paneldə 223 məruzənin dinlənilməsi planlaşdırılır. Konfransın istiqamətləri dilçilik, tərcümə, ədəbiyyatşünaslıq, pedaqogika, mədəniyyətşünaslıq və xarici dil tədrisi üzrədir.
Xaricdən gələn qonaqlar üçün Bakının tarixi məkanlarını, muzeylərini, turistik yerlərini əhatə edən şəhər gəzintisi keçiriləcək. Konfransın materialları tezislər toplusu və məqalələr toplusu olmaqla iki fərqli kitab şəklində Türkiyənin beynəlxalq nəşriyyat statusuna sahib Cizgi Yayınevində yayımlanacaq.
Tehsil-press.az