İnformasiya Texnologiyaları İnstitutunda BDU tələbələri ilə görüş

İnformasiya Texnologiyaları İnstitutunda BDU tələbələri ilə görüş Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüş olub.
Görüşdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat fakültələrinin və “SABAH” qruplarının informasiya texnologiyaları üzrə təhsil alan tələbələri iştirak ediblər.
Rektor Elçin Babayev BDU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında sıx əməkdaşlığın olduğunu bildirib. BDU-nun əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, hazırda universitetdə riyaziyyat və kompüter elmləri üzrə bakalavriat səviyyəsində 4 ixtisas, magistraturada 10 ixtisaslaşma üzrə tədris aparılır. Son illər BDU-da infrastruktur elektronlaşdırılır, “Code Academy”, “Dev Education” kimi layihələr çərçivəsində tələbələrin ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqları artırılır.
E.Babayev yaxın zamanlarda BDU-da ICESCO ilə birgə Süni intellekt etikası kafedrasının yaradılmasının da nəzərdə tutulduğunu bildirib. Rektor qeyd edib ki, informasiya texnologiyaları üzrə İnformasiya Texnologiyaları İnstitutu ilə birgə tədqiqatlar aparıla, seçilmiş ixtisaslar üzrə institutda dərslər təşkil oluna bilər.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev son illər ölkədə informasiya texnologiyaları sahəsində həyata keçirilən yeniliklərin, müasir çağırışların elm və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu deyib. O, xüsusilə kompüter mühəndisliyi, kriptoqrafiya kimi ixtisaslara ehtiyac duyulduğunu bildirib. Akademik rəhbərlik etdiyi qurumun informasiya texnologiyaları sahəsində BDU-da kadr hazırlığına hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb.
Sonra BDU tələbələrinin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər