SOCAR prezidentinin müşaviri BDU-da “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirə deyib

SOCAR prezidentinin müşaviri BDU-da “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirə deyib Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın prezidentinin müşaviri Elçin Ağakişiyev tələbələrə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirə deyib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş edilib.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının Azərbaycanın müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevrilməsi üçün mühüm addım olduğunu bildirib: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş - “Əsrin müqaviləsi” imzalandı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi” 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olundu. Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasını bu gün müasir çağırışlara uyğun davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib. Böyük fərəh hissi ilə demək olar ki, məhz bu strategiyanın uğurla həyata keçirilməsi nəticəsində son 20 ildə Azərbaycan misilsiz inkişaf yolu keçib. Bu gün Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq başlanan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər işığında öz parlaq gələcəyinə doğru inamla addımlayır”.
Rektor tədbirin keçirilməsində yaxından iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə öz təşəkkürünü bildirib, bundan sonra da BDU və SOCAR arasında qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf edəcəyinə inamını ifadə edib.
SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev “Heydər Əliyev İli”ndə dahi şəxsiyyətin məzunu olduğu BDU-da belə bir tədbirdə iştirakın qürurverici olduğunu qeyd edib: “Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra digər sahələrdə olduğu kimi, neft-qaz sənayesində də mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Ümumiyyətlə, Azərbaycanın bugünkü neft strategiyasının əsasları məhz ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılıb. Həmin illərdə mütərəqqi neftçıxarma texnikasının tətbiqi, neftayırmada ən müasir texnologiya əsasında yeni emal qurğularının tikilməsi nəticəsində Azərbaycanın neft sənayesi keçmiş SSRİ miqyasında ön mövqeyə çıxdı. Ümummilli Liderin uğurlu neft strategiyasının müstəqillik dövründəki başlanğıc nöqtəsi isə “Əsrin müqaviləsi” ilə qoyuldu. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti ölkəni sürətli inkişafa aparır. TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan neft-qaz boru kəmərləri layihələrinin bu gün Azərbaycana gətirdiyi gəlirlər insan kapitalının, elmin və təhsilin inkişafına təkan verir”.
BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığını deyib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Ümummilli Liderin əsasını qoyduğu uğurlu neft strategiyasının Azərbaycanın bütün sahələrində olduğu kimi, elm və təhsil sahəsinin də davamlı inkişafını təmin etdiyini, bu siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər