Professor: Son 200 ilin ən böyük Qələbəsini qazandıq

Professor: Son 200 ilin ən böyük Qələbəsini qazandıq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan müəssisənin baş direktoru professor Nadir Məmmədli Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. “44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində bu mənfi tendensiyaya son qoyuldu. Son 200 ilin ən böyük Qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir”, - deyə professor bildirib.
Nadir Məmmədli vurğulayıb ki, xalqımız Müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz günlərindən birini yaşadı. İndi bütün dünya güclü Azərbaycan Ordusunun qüdrətindən, yenilməz Azərbaycan əsgərindən, şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından danışır. Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların müqəddəs xatirəsi ehtiramla anılır.
Sonra institutun icraçı direktoru dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva, professorlar Sevil Mehdiyeva və İlhami Cəfərsoy, dosentlər Xədicə Heydərova, Qüdsiyyə Qəmbərova və Qətibə Quliyeva əsgər və zabitlərimizin Vətən müharibəsi zamanı böyük vətənpərvərlik, fədakarlıq və igidlik nümunəsi göstərdiklərini vurğulayıb, işğaldan azad olunmuş torpaqlarımızda geniş abadlıq və quruculuq tədbirlərinin aparıldığını qeyd ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər