AzMİU beynəlxalq müsabiqədə üç nominasiya üzrə qalib olub

AzMİU beynəlxalq müsabiqədə üç nominasiya üzrə qalib olub Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Rusiyanın “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin elm və təhsildə ən yüksək nailiyyətlərlə bağlı keçirdiyi VI beynəlxalq təqdimat müsabiqəsinin üç nominasiyası üzrə qalib olub.
Ali təhsil müəssisəsində uğurlu idarəetmə keyfiyyətlərinə, elm və təhsil sahəsində göstərdiyi yüksək nailiyyətlərə və xüsusilə elmin inkişafına verdiyi töhfələrə görə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova “İlin rektoru-2023” nominasiyası üzrə qalib olub. “İlin kafedrası-2023” nominasiyası üzrə isə AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrası qaliblər sırasında yer alıb. Bununla yanaşı, “İlin layihəsi-2023” nominasiyası üzrə AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədovun baş redaktorluğu ilə nəşr olunan “Tikinti iqtisadiyyatı və menecmenti” elmi-praktik jurnal qalib olub.
Hər nominasiya üzrə birinci yeri tutan müsabiqə qaliblərinə kubok və diplomlar təqdim edilib.
“Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzi qlobal arenada elm adamlarına keyfiyyətli tədqiqat, ekspert təhlili, konsaltinq, redaksiya, informasiya, tərcümə və nəşr xidmətləri göstərmək məqsədilə yaradılıb. Elmi məqalələr toplularının yaradılması, müəllif və kollektiv monoqrafiyaların nəşri, Rusiya və əcnəbi alimlərin tədqiqatlarının nəticələrinin sistemləşdirilməsinə və nəşrinə yönəlmiş beynəlxalq konfransların təşkil edilməsi, fəal şəbəkələşmə çərçivəsində tədqiqatlar aparmaq üçün yerli, regional, milli və beynəlxalq səviyyələrdə tərəfdaşlıq əlaqələrinin qurulması mərkəzin fəaliyyətinin aparıcı istiqamətləridir.

Tehsil-press.az



Oxşar xəbərlər