AzMİU Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Universiteti ilə əməkdaşlıq edəcək

AzMİU Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Universiteti ilə əməkdaşlıq edəcək Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Rektor Gülçöhrə Məmmədova Azərbaycanda son illər ərzində bütün sahələrdə, həmçinin təhsil sferasında yüksək nailliyyətlərin əldə olunmasından bəhs edib, həmçinin universitetin tarixindən, beynəlxalq əlaqələrindən, Ukraynanın bir çox ali məktəbləri ilə uğurlu əməkdaşlığından danışıb.
Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Universitetinin rektoru, professor Sergey Pançenko Azərbaycanın postsovet ölkələri, eləcə də Ukrayna ilə səmərəli əlaqələrinin olduğunu qeyd edib. Rektor rəhbərlik etdiyi universitetin AzMİU ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüş çərçivəsində universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırmaq məqsədilə təcrübə mübadiləsi, müəllim-tələbə mübadiləsi, yay məktəblərinin, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.
Qeyd edək ki, Ukraynada dəmir yolunun təşkili, daşınma, idarəetmə sahələri üzrə kadr hazırlayan Dəmir Yolu Nəqliyyatı Universiteti 1930-cu ildə Xarkov şəhərində yaradılıb. Təhsil müəssisəsi IV akkreditasiyaya malikdir. Universitetdə təxminən 13 min tələbə əyani və qiyabi formada təhsil alır. Universitet dəmir yolu sahəsi üzrə kadr hazırlığında əldə etdiyi nailiyyətlərə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər