Milli inkişafımızın strategiyası

Milli inkişafımızın strategiyası Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi geniş və dərin məzmunlu nitqi son 20 ildə xalqımızın keçdiyi yola yekun vurdu və qarşıda dayanan ən vacib hədəfləri müəyyənləşdirdi. Heç şübhəsiz, aparılan bütün təhlillər dövlətimizin başçısının söylədiklərini bütün tərəfləri ilə xırdalığına qədər tam ehtiva etmək gücündə olmayacaq. Amma bu nitqdə ana xətt ondan ibarətdir ki, Prezident İlham Əliyev xalqımızın bundan sonrakı dövrlər üçün inkişaf strategiyasını təyin edərək aydın yol göstərdi.

Tehsil-press.az Milli Məclisin deputatı professor Musa Qasımlının “Milli inkişafımızın strategiyası” məqaləsini təqdim edirik.

Ötən 20 ilin başlıca yekunu


Ötən 20 ilin əsas yekunu Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədləri yerinə yetirməsi, ən başlıcası, Azərbaycan xalqının bir yumruq kimi birləşərək Vətən müharibəsində torpaqları işğaldan azad etməsi, lokal xarakterli antiterror tədbirlərində separatçı rejimin diz çökməsi, separatçılığın kökünün birdəfəlik kəsilməsi, separatçıların rəhbərlərinin tutulub Bakıya gətirilməsi və dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərqərar edilməsi, qüdrətli dövlət başçısının rəhbərliyi ilə milli vəzifənin inanılmaz uğurla yerinə yetirilməsidir. Müstəqillik illərində ilk dəfə bütün ölkə ərazisində keçirilən seçkilərdə Prezidentin Xankəndidə səsverməsinin də mənası var idi. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında Azərbaycan xalqına qarşı qanlı cinayətlər başlamış, soyqırımı planlaşdırılmış və oradan idarə olunmuşdu. Onları dəfn edən Prezident dedi: “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Bu, işğalçı Ermənistana, dünyadakı erməni təşkilatlarına, onların havadarlarına vurulan və çıxarılması mümkün olmayan mıx idi.

Yeni dövrə yeni vəzifələrlə


Dövlətimizin başçısı yeni dövrdə Azərbaycanın qarşısında dayanan əsas vəzifələri də müəyyənləşdirdi. Bunlardan birincisi Silahlı Qüvvələrin daha da gücləndirilməsidir. Dövlət büdcəsində ən böyük xərclər hərbi xərclərdir. Ölkəmizdə güclü hərbi sənaye kompleksi yaradılıb. Azərbaycan Ordusu təlimlərdə, paradlarda deyil, döyüş meydanında öz gücünü göstərib. Azərbaycan əsgəri kazarma əsgəri deyil, döyüş meydanında qalib gəlib.

Ermənistanla sülh bağlanması məsələsinə toxunan Prezident dedi ki, bu ölkə rəhbərliyi ərazi iddialarına son qoymazsa, qanunvericiliyini normal qaydaya salmasa sülh müqaviləsi də olmayacaqdır. Ona görə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir.

Nitqdə əsas vəzifələrdən biri kimi sərhədlərin daha da güclü qorunması müəyyənləşdirildi. Prezidentin dediyi kimi, sərhəd elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan özünü fiziki və ideoloji risklərdən qorumalıdır. Bundan ötrü əsas vəzifələrdən biri olaraq gənc nəslin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyəsi müəyyənləşdirildi. Gənc nəslin tərbiyə edilməsini xalqın gələcəyinin təmin edilməsinin təminatçısı kimi qiymətləndirən Prezident İlham Əliyev milli birliyin daimiliyinin zəruriliyini bildirdi. Heç kəsə sirr deyildir ki, bizi bir millət olaraq ayaqda saxlayan, digərlərindən fərqləndirən və cəmiyyətimizin əsası olan milli, mənəvi-ruhani dəyərlərimizdir. Burada hər hansı bir kənar qüvvənin öz çirkin niyyətlərinə çatması ciddi problemlərin yaranmasına gətirə bilər. Ona görə də gənclərin milli ruhda tərbiyəsi hər bir ailənin və dövlətin qarşısında mühüm vəzifə kimi dayanır.

Növbəti önəmli vəzifə olaraq Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsini irəli sürdü. Qısa müddətdə təxminən 5400 keçmiş məcburi köçkün artıq beş yaşayış məntəqəsinə qaytarılıb. Böyük Qayıdış proqramının birinci mərhələsinin 2026-cı ilin sonunda başa çatdırılması və 140 min köçkünün dədə-baba torpaqlarına qaytarılması nəzərdə tutulur. Bu onu göstərir ki, dövlətimizin işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə dair konkret və aydın planları var.

Vacib vəzifələrdən biri olaraq iqtisadiyyatı inkişaf etdirmək irəli sürüldü. Əgər 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsul 7 milyard dollar idisə, 2023-cü ilin yekunlarına görə bu rəqəm 72 milyard dollar olub. Valyuta ehtiyatları əgər 2003-cü ildə 1,6 milyard dollar idisə, 2023-cü ildə 69,5 milyard dollar təşkil edib.

Ölkə rəhbəri yeni dövrdə sosial sahədə işlərin davam etdiriləcəyini dedi. Müstəqillik illərində Azərbaycanda əhali 3 milyon artıb. Ona görə də hər il 10 minlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulurdu. Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi idi.

Mühüm vəzifələrdən biri kimi texnoloji inkişaf məsələsi irəli sürüldü. Məlumdur ki, dövlətin qüdrətini müəyyənləşdirən amillərdən biri yeni texnologiyaların tətbiq edilməsidir. Yenilənməyən bir dövlət rəqabətə tab gətirməz və sıradan çıxar.

Digər vacib vəzifələrdən biri kimi bərpaolunan enerji məsələsi müəyyənləşdirildi. 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın günəş, külək və hidro – su elektrik stansiyaları yaradılmalıdır. Bu, Azərbaycana böyük həcmdə təbii qaz ixrac etməyə imkan verəcək, eyni zamanda, iqlim dəyişikliyi prpbleminin həllinə töhfə olacaq.

Qarşıda dayanan mühüm vəzifələrdən biri kimi nəqliyyat sahəsində işlərin davam etdirilməsi irəli sürüldü. Bəzi dəmir yollarında modernləşdirmə işləri aparılacaq. Azərbaycanda səkkiz beynəlxalq aeroport var, doqquzuncu Laçında inşa edilir. Azərbaycan açıq dənizlərə çıxışının olmamasına baxmayaraq, dünyanın nəqliyyat mərkəzlərindən biridir.

Nitqində Prezident İlham Əliyev güclü iqtisadiyyati, güclü ordunu, daxili sabitliyi, xalq-iqtidar birliyini xarici siyasətin əsas amillərindən biri kimi səciyyələndirdi.

Köklərinə qayıdanda türk millətləri yenilməz olur


Prezident İlham Əliyevin nitqində ən vacib məsələlərdən biri Türk dünyası ilə bağlı idi. Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərini davam etdirəcəyini prioritet məsələ olaraq elan edən dövlətimizin başçısı dedi:

“Bu təşkilat Azərbaycan üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Bu fikirlər Azərbaycanı başqa bir ailəyə üzv etmək istəyənlərə bir cavab idi. Çünki orada Azərbaycanı gözləmirdilər. Türkiyənin uzun onilliklər boyu Avropa İttifaqına üzv olmaq istəyinə verilən cavablar buna misal idi.

Türk Dövlətləri Təşkilatının bütün ölkələri ilə Azərbaycanın qardaşlıq münasibətlərinin olduğunu, təşkilatın gücləndiyini, böyük coğrafiyasının, ərazisinin, hərbi gücünün, iqtisadiyyatının, təbii sərvətlərinin, nəqliyyat yollarının, gənc əhalisinin bir soydan, kökdən olduqlarını vurğulayan Prezident İlham Əliyev dedi: “Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Xarici siyasətdə yeni üfüqlər


Dövlətimizin başçısı yeni dövrdə xarici siyasətdə yeni üfüqlər açılmasının vacibliyini bildirdi. Bu da səbəbsiz deyildir. Çünki əgər əvvəlki dövrdə xarici siyasətin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, artıq bu məsələ gündəlikdə dayanmırdı. Ona görə də xarici siyasətin yeni istiqamətləri dünyanı narahat edən problemlərin həllində daha fəal iştirak etmək, islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmaq, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmaq kimi müəyyənləşdirildi.

Prezidentin sol əlinin arxası ilə verdiyi cavab: gedin öz işinizlə məşğul olun!


Nitqinin sonunda Ermənistanın havadarlarının yenidən vasitəçi olmaq istəklərini də sol əlinin arxa tərəfi ilə geri göndərən dövlətimizin başçısı vurğuladı: “Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün də heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik”.

Beləliklə, Prezident andiçmə mərasimində keçilən yola yekun vurdu və qarşıdakı hədəflər müəyyənləşdirildi. Yeni dövrə yeni vəzifələrlə qədəm qoyan Azərbaycanı böyük uğurlar gözləyir.

Tehsil-press.az

Oxşar xəbərlər