“1928-1929-cu ildə bir azərbaycanlı xanımla bir kişi İtaliyaya göndərilmişdi” – Sənət tariximiz

“1928-1929-cu ildə bir azərbaycanlı xanımla bir kişi İtaliyaya göndərilmişdi” – Sənət tariximiz 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub. Bu tarix Azərbaycan milli teatrının başlanğıcı olaraq qəbul edilib.

Azərbaycan teatr tarixi haqqında kifayət qədər tədqiqat aparılıb. Amma 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacirətdə yaşamağa məcbur olan şəxslərimizin teatr haqqındakı yazıları bir qədər araşdırmalardan kənarda qalıb.

Mühacirlərdən Əbdülvahab Yurdsevər “Teatr həyatımızda Hüseyn Ərəbli” (“Azerbaycan”, sayı 19, oktyabr 1953), Mirzəbala Məhəmmədzadə “Azərbaycan teatrının 80 illiyi” (“Birleşik Kafkasya”, sayı 25, avqust 1953) adlı məqalələr qələmə alıblar.

Azərbaycan Milli Teatr Günündə İstanbul Darülbədayi məktəbinin tələbələrindən azərbaycanlı Sadıq Babazadənin “Azərbaycan sənət həyatı” adlı məqaləsini təqdim edirik. Bu yazı Əhməd Cəfəroğlunun redaktoru olduğu “Azerbaycan Yurt Bilgisi” jurnalının 1932-ci ildə çıxan 4-5-ci qoşasayında dərc olunub.

***
Babazadə Sadıq

İstanbul Darülbədayi məktəbi tələbəsi

I Konservatoriya


İlk Azərbaycan konservatoriyası 1922-ci ildə Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakı şəhərində açılmışdır. Bura əvvəlcə sırf bir məktəb şəklində idi, yalnız tar, skripka və piano kimi məhdud şöbələr üzərində tədrisat aparılırdı. 158-ə qədər tələbəsi olan bu ilk Azərbaycan musiqi məktəbi üç il sonra – 1925-ci ildə Maarif Vəkalətinin qərarı ilə ali musiqi məktəbi halına gətirilmişdir. Bu məqsədlə Fransadan Rene Baton, Avstriyadan professor Strasser və Amerikadan Dr. Saviç kimi mütəxəssislər işə götürülmüşdülər. Yerli bəstəkarlardan da Üzeyir bəy Hacıbəyli, Vəkilov, Maqomayev, Qurban, Mənsur, Ələşrəf, Sürəyya və Hədiyyə xanımlar bu ilk Azərbaycan konservatoriyasının inkişafında yaxından iştirak etmişdirlər. Yeni tədrisat kadrları gərəyincə konservatoriya on üç başlıca şöbəyə ayrılmışdır.

Azərbaycan konservatoriyasında təhsil müddəti 12 ildir, təhsilini tamamlayanlar bəstəkarlıq ünvanı qazanmaqdadırlar. 1930-cu ildə konservatoriyadakı tələbə sayı 1358 nəfərə çatmışdır. Onların əksəriyyətini azərbaycanlılar təşkil edirdilər və ümumtələbələrin 44 faizi qadınlardan ibarətdi. Ən çox rəğbət görən şöbələr tar, skripka və təqənni şöbələridir. Tədrisat üsulu Avropa sistemi üzərinə olub, bütün dərslər nota köçürülməkdədir. Konservatoriya məzunları eyni zamanda türk və rus teatrlarında dirijorluq etməkdədirlər.

Azərbaycan konservatoriyasına təsisindən bu günə qədər məşhur azərbaycanlı bəstəkar və musiqi alimi Üzeyir bəy Hacıbəyli rəhbərlik edir. Konservatoriyamızın inkişafında və yüksəlməsində, şübhəsiz ki, bu qeyrətli türk aliminin də böyük hümməti olmuşdur.

Avropaya musiqi təhsilinə göndərilən azərbaycanlılar, təəssüf ki, çox məhduddur. Yalnız 1928-1929-cu ildə bir azərbaycanlı xanımla bir kişi İtaliyaya göndərilmişdir. Konservatoriyamızın inkişafı üçün çox əhəmiyyəti olan bu avropai musiqi təhsilinə konservatoriyamızın nəzəri-diqqət göstərməsinə intizar etməkdə haqlıyıq.

II Teatr məktəbi

Azərbaycanda teatr məktəbi ilk dəfə olaraq 1922-1923-cü illərdə təsis edilmişdir. Hazırda bu məktəbdə 410-a qədər tələbə təhsil almaqdadır ki, onlardan 175-i qızdır. Məktəbə orta təhsil alanlar qəbul edilməkdədir və təhsil müddəti 4 ildir. Fəqət məktəbi bitirənlər ayrıca olaraq bir il zərfində gənclər teatrında staj keçməyə məcburdurlar. Ancaq bu sonuncu məktəbdə staj görənlər akademik teatr səhnəsində iştirak edə bilərlər.

Məktəbdə təhsil türkcədir. Müdiri Azərbaycan türklərindən Hacıağa Abbasovdur. On üçə yaxın mütəxəssis və müəllim kadrına malikdir. Mütəxəssislər, xüsusilə, Almaniya və Rusiyadan cəlb edilmişdirlər.

III Azərbaycan teatrları

Azərbaycan teatr məktəbinin inkişafı ilə təbii olaraq teatr fəaliyyəti də irəliləmişdir. Vaxtilə sırf kiçik pyeslərlə yetinən Azərbaycan səhnəsi son illərdə klassik əsərlərin təmsilinə də başlamışdır. Hazırda Azərbaycanda başlıca olaraq üç növ teatr fəaliyyətdədir: Bakı Türk Akademik Dram Teatrı, Türk Tənqid və Komediya Teatrı, Türk Akademik Opera Teatrı.

Azərbaycan türk teatr səhnələrində, xüsusilə, Azərbaycan şair və mühərrirlərinə aid pyeslər təmsil edilməkdədir. Bu qabil pyeslərin başlıcalarını “Od gəlini”, “Sevil”, “Oqtay Eloğlu”, “Aydın”, “Topal Teymur”, “Şeyx Sənan”, “İblis” kimi böyük əsərlər təşkil etməkdədir. Orijinal türkcə əsərlər xaricində tərcümə edilmiş əcnəbi klassik əsərlər və pyeslər də təmsil edilməkdədir. Məsələn, “Faust”, “Maqbet”, “Hamlet”, “Otello”, “Venesiya taciri”, “Qaçaqlar”, “Dəmir divar” və sairlər.

Opera teatrı 89 musiqişünasdan ibarət bir simfonik orkestrə malikdir. Bu teatr artistləri ali musiqi məktəbindən (konservatoriyadan) məzun olanlardan ibarətdir. Heyəti-təmsiliyyə 34 daimi artistdən ibarətdir. Onlardan 14-ü qadın, 20-si kişidir. Baş rejissor Azərbaycan türklərindən Abbasmirzə Şərifzadədir. Dirijorlar isə Sürəyya xanımla Müslüm bəy Maqomayevdir. Opera teatrı müəyyən bir repertuara malikdir. Həftədə iki dəfə - bazar və çərşənbə günləri təmsil olunmaqdadır. Başlıca sənətkar artistləri bunlardır: Sona, Əzizə, Cahan, Məhbubə, Xurşid xanımlar, Sarabski, Hüseyn ağa Hacıbəyli, Bülbül, Bağırov və Qənbər Zülalov bəylərdir. Opera teatrının müstəqil bir binası olub müntəzəm şəkildə səhnə və tərtibatı var.

Azərbaycan Türk Akademik Teatrı teatr məktəbini bitirmiş 135-ə yaxın heyəti-təmsiliyyəyə malikdir. Onlardan 29-u qadındır. Baş rejissor və metransı alman səhnələrində çalışmış A. A. Tuqanovdur. Müavini isə Rza Darablı, texniki Əlihüseyn Rzazadədir. Dirijorlar isə Ələşrəf və Bədəlbəylidirlər. Onlardan başqa səhnə və tərtibatını idarə edən digər bəzi məmurlar da vardır. Başlıca əməkdar aktyorlar bunlardır: Abbasmirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Sidqi Ruhulla, Rza Təhmasib Hidayətzadə, İsmayıl, Qəmər və Məryəm xanımlardırlar. Teatrın müəyyən repertuarı olub həftədə beş dəfə təmsil etməkdədir.

Komediya Teatrında həm Şərq, həm də Qərb ədəbiyyatından alınmış müxtəlif komediyalar təmsil edilməkdədir. Rejissoru Vəkilli, dirijoru isə Azərbaycan xanımlarından Sürəyya xanımdır. Heyəti-təmsiliyyəsi 65 olub ki, 21-i qadındır. Başlıcaları: Mirzəağa Əlizadə, Hacıağa Abbas, Sadıq Gəraybəyli, Əhməd Səlali, Mənfurə, Fatma və Sona xanımlardır. Teatrda həftədə dörd dəfə təmsil edilməkdədir.

IV Azərbaycan Kino Fabriki

Azərbaycanda ilk kino fabriki 1925-ci ildə Bakıda təsis edilmişdir. Ümumi rejissoru Fransız Riemürdür. Digər rejissorlar isə Azərbaycan türkləridirlər. İlk təsis illərində fabrikin fəaliyyəti bir çox səbəbdən dolayı çox zəif olsa da, fəqət bir neçə illik təcrübədən sonra fabrik üçün müntəzəm bir fəaliyyət proqramı vücuda gətirilmişdir. Xüsusilə, bu son illərdə Avropadan cəlb edilən makinələr sayəsində kinoçuluq Azərbaycanda da inkişafa üz tutmuşdur. 1930-cu ilə qədər Azərbaycanda çəkilən filmlərin sayı 16-ya çatmışdır. Onlardan “Gilan qızı”, “Bayquş”, “Sevil”, “Qız qalası” kimiləri şayani-zikrdir.

“1928-1929-cu ildə bir azərbaycanlı xanımla bir kişi İtaliyaya göndərilmişdi” – Sənət tariximiz
“1928-1929-cu ildə bir azərbaycanlı xanımla bir kişi İtaliyaya göndərilmişdi” – Sənət tariximiz
“1928-1929-cu ildə bir azərbaycanlı xanımla bir kişi İtaliyaya göndərilmişdi” – Sənət tariximiz
“1928-1929-cu ildə bir azərbaycanlı xanımla bir kişi İtaliyaya göndərilmişdi” – Sənət tariximiz
“1928-1929-cu ildə bir azərbaycanlı xanımla bir kişi İtaliyaya göndərilmişdi” – Sənət tariximiz


Müəllif: Dilqəm Əhməd

Tehsil-press.az

Oxşar xəbərlər