Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür 89-cu teatr mövsümünün sonuna yaxın Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür.
Kollektiv cari ilin 11-17 iyun tarixlərində Astana şəhərinin Qazaxıstanın paytaxtı elan olunmasının 19-cu ildönümü münasibətilə hər il ənənəvi olaraq Astana şəhərində keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etmək üçün dəvət alıb.
ADGTT-nın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə kollektiv sözügedən tədbirdə teatrın ən maraqlı tamaşalarından biri olan, bir sıra Beynəlxalq teatr festivallarının qalibi Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iyunun 11-də Qazaxıstan Respublikasının Astana şəhərinə yola düşəcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları Əməkdar Artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktrisalar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.
Kollektivin digər bir heyəti isə 13-15 iyun tarixlərində Azərbaycanın bölgələrinə səfər edəcək.
Ölkə başçımızın “Azərbaycan teatrı 2009-2019-cu illər üçün Dövlət Proqramına dair” Sərəncamına əsasən ADGTT hər il olduğu kimi bu il də növbəti mövsümün sonuna yaxın repertuarında olan ən maraqlı tamaşaları ilə bölgə tamaşaçılarının görüşünə gedir.
Bu dəfə kollektiv Qəbələ, Oğuz və Balakən rayonlarında ölməz M.F.Axundzadənin “Sərgüzəşti vəziri Xani Lənkəran” tamaşası ilə yerli tamaşaçıları sevindirəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, əsas obrazların ifaçıları Əməkdar Artistlər Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Məsumə Babayeva, Zülfiyyə Alhüseynova, Kərəm Hadızadə, Aydın Dəmirov, Elnur Hüseynov, Ramil Məmmədovdur.

Kəmalə Rəhimli

Oxşar xəbərlər