3 qoyuna diplom alan müəllimlər: Məktəbə buraxılmayacaqlar

3 qoyuna diplom alan müəllimlər: Məktəbə buraxılmayacaqlar “Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, onlardan 31 852-si ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-i riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub. E.Əmrullayev qeyd edib ki, sertifikasiya imtahanlarında 20 faiz (6 238) müəllim yüksək nəticə göstərib:

“10 faiz müəllim isə qənaətbəxş nəticə göstərib. Ümumilikdə isə 27 min 379 müəllim uğur qazanıb”.

O vurğulayıb ki, hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir:

“443 müəllim isə hələ prosesdə iştirak etməyib. Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Çünki həmin rayon üzrə zəif nəticə çoxdur”.

Qeyd edək ki, ötən sertifikasiya imtahanında da bir sıra kollec məzunlarının aşağı nəticə göstərdikləri qeyd edilmişdi.

Hazırda da ölkədə kolleclər fəaliyyət göstərir və təhsil sistemində mövcud problemin həlli istiqamətində hansı tədbirlər həyata keçirilməlidir?

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirdi ki, ümumiyyətlə, ölkənin təhsil sistemində statistika ilə bağlı ciddi çətinliklər var:


“Bunun əsas səbəbi odur ki, Elm və Təhsil Nazirliyi, yaxud digər agentliklər, təhsil müəssisələri, burada təhsilalanlar, təhsilverənlərlə bağlı statistik rəqəmləri yerləşdirmirlər. Bu da təhsil mütəxəssislərinə böyük çətinliklər yaradır. Deyilənə görə, 151 min müəllim çalışır ki, onların 137 min nəfəri daimi müqavilələrlə, yəni müddətsiz əmək müqaviləsi ilə çalışır. Sertifikasiyaya da həmin 137 min müddətsiz əmək müqaviləsi ilə çalışanlar qəbul olunur.

Sertifikasiyada da ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri, tədris dilindən, sonra riyaziyyat və xarici dil müəllimləri cəlb olundu. İbtidai sinif, tədris dili və ədəbiyyat fənnləri, o cümlədən qeyri- Azərbaycan bölmələrində dövlət dili olaraq Azərbaycan dili fənni üzrə müəllimlərin sertifikasiyası demək olar ki, başa çatıb. Ümumiyyətlə, sertifikasiya başa çatası deyil. Hər il 3 ili tamam olanlar, sosial məzuniyyətdə olub geri qayıdanlar zamanla sertifikasiyada iştirak edəcəklər. Yəni həmin müəllimlərin tam əksəriyyəti artıq sertifikasiyadan keçib”.

Ekspert sertifikasiyanın ümumi nəticələri ilə bağlı nazirin çıxışını təqdirəlayiq hesab edib:

“Bizim də istəyimiz odur ki, müəllimlərin yazdığı suallarda səhvləri müzakirə etməkdənsə, ümumi daha ciddi statistika ortaya qoyulsun. “İbtidai sinif müəllimləri “şaftalı” sözünü “şəftalı” yazıblar, filan sözü, hərfi düz yazmayıblar” demək doğru analiz deyil. Ancaq nazir ilk dəfə olaraq rayonlar üzrə nəticələrdən başladı.

Arzu edərdik ki, hər iki şansdan uğur qazana bilməyən, əmək müqavilələrinə xitam veriləcək müəllimlər hansı təhsil müəssisələrini bitirdiklərini açıqlasınlar. Bu da gələcəkdə həmin təhsil müəssisələrini seçən abituriyentlərə bir bələdçi olsun ki, həmin təhsil müəssisəsinin məzunları sertifikasiyada uğur qazana bimirlər, uğur qazanan universitetləri seçsinlər.

O ki qaldı Astara rayonu ilə bağlı problemə, ekspert deyir ki, bu, yalnız həmin rayonda deyil: “Hansı rayonlarda kollec varsa, zamanla hansı neqativ yollarla daxil olublarsa, həmin nəticələrdir. Məsələn, mənim tanıdığım qonşu kənddən bir nəfər var ki, iki heyvan satıb gedib Astara Pedoqoji Kollecinə daxil olmuşdu və sonrada bir heyvan da satdı, diplomunu aldı. Bir gün də auditoriyada oturmadı və müəllim idi.

Hətta Astara Pedoqoji Kollecinin bir də Lerik filialı vardı. Həmin Lerik filialı ibtidai sinif və xarici dil müəllimləri hazırlayırdı. O xarici dil müəllimləri bir cümlə də olsun xarici dil bilmirlər. Ancaq Astara rayonunda işləyən təhsil işçilərinin ümumi zəhmətini də yerə vurmaq olmaz. Astaradan yüksək nəticə göstərən müəllimlərimiz də var.

Astaranın və digər aşağı nəticə göstərən kolleclərin nəticələri niyə aşağıdır? Kollec kadr hazırlaya bilmir. Texnikumların yaranması 1950-60-cı illərdə kadrlara olan tələbatla bağlı idi. Bu gün ali təhsilin dünya təhsil sisteminə uyğunlaşmasından danışmalıyıq. Belə ki, dünyada kolleclər bizim peşə məktəbləri ilə eyni statusdadır. Ancaq ali təhsilə qəbulu asanlaşdırmalıyıq, kolleclər ləğv olunmalıdır və ali təhsilin birinci səviyyəsinə çevrilməlidir.

Peşə məktəblərinə kollec statusu verilməlidir. Bu gün dünya təhsil sitemində magistratura təhsili olmayanları məktəbəqədər təhsilə belə buraxmırlar, biz orta məktəbə işə qəbul edirik.

Bu gün bizdə kolleclərin əksəriyyətindən pedoqoji sahəni götürüblər. Ancaq ortada 20 min kollec bitirən məzun var. Hazırda təklifimiz kollec bitirənləri müəllim kimi işə qəbul etməməkdir. Sistemdə işləyən kollec bitirənlər üçün dövlət proqramı qəbul olunmalıdır ki, onların subbakalvrı bakalavriata çevrilsin.

Bizim orta ixtisaslı çox peşəkar müəllimlərimiz də var. Sertifikasiyadan keçibsə, ETN təsdiq edir ki, onun peşəkarlığı lazım olan səviyyədədir”.

Tehsil-press.az

Oxşar xəbərlər