Ədəbiyyat adamları Şirindil Alışanlı haqqında

Ədəbiyyat adamları Şirindil Alışanlı haqqında Şirindil Alışanlı ədəbiyyat nəzəriyyəsi ilə ədəbi tənqidin qovşağında olan ədəbiyyatşünas olmuşdur. Bir çox araşdırmaları və məqalələrində isə o, ədəbi tənqid meyilli ədəbiyyat nəzəriyyəçisidir.

Çox təəssüf ki, Şirindil Alışanlı doğulduğu "Azərbaycanın mərdlik qalası" - doğma Laçına getmək arzusuna çata bilmədi. Lakin laçınlıların artıq elliklə doğma yurda qayıdıb əbədi məskən salmaları onun arzularının həyata keçirilməsinin ifadəsidir.

Şirindil Alışanlı Azərbaycan Milli Elmlər Akademiyasında nəşriyyat-poliqrafiya işinin əsas qurucularından idi. O, uzun müddət Akademiyanın "Elm" nəşriyyatına bacarıqla rəhbərlik etmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri kimi də Şirindil Alışanlı ədəbiyyatşünaslıq elminin müasir problemlərinin tədqiq edilib öyrənilməsi işinin təşkilinə mühüm töhfələr vermişdir. Hazırda Ədəbiyyat İnstitutunda hazırlanmaqda olan 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin VII cildinin yazılmasında da professor Şirindil Alışanlının böyük zəhməti olmuşdur.

Tərcümeyi-halı və idealı Milli Elmlər Akademiyası ilə üzvi surətdə bağlı olan professor Şirindil Alışanlının bu elm ocağında silinməz izləri vardır.

İsa Həbibbəyli

Şirindil Alışanlı Azərbaycan filologiyasının dünya miqyasında inkişafı və tanınması qayğıları ilə yaşayır, bu sarıdan elmi-ədəbi əlaqələrin yaradılması və intişarı yolunda səylərini əsirgəmirdi. O, Rusiya Estetika və Azad sənətlər Akademiyasının akademiki, nüfuzlu "Akademiçeskiye tetradi", "Nauçnaya kniqa" jurnallarının beynəlxalq redaksiya heyətinin üzvü idi, məhz Şirindil Alışanlının gərgin əməyi sayəsində M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaxın və uzun sürən əməkdaşlığı başlamış, bu günə qədər də davam edir.

Şirindil Alışanlı böyük bir ədəbiyyatşünaslıq məktəbinin davamçısı idi; müəllimləri Yaşar Qarayevə, Yuri Borevə, o cümlədən, dərs aldığı, çiyin-çiyinə çalışdığı ustad ədəbiyyatşünaslara qarşı olduqca həssas, diqqətli, qədirbilən idi. Ağır xəstə ikən, şair-ədəbiyyatşünas Qasım Qasımzadənin yüz illiyinə yazdığı, "Ədəbiyyat qəzeti"ndə dərc olunan geniş məqaləsində bu əvəzsiz insani keyfiyyəti bir daha gördük, duyduq.

Şirindil Alışanlı qədirbilən idi, özü də qədirbilənlik qazanmışdı. Həmkarlarının, dostlarının, tələbələrinin hədsiz sevgisi halal qazancı idi. Elmdə prinsipial olduğu qədər də, həyatda həlim, qayğıkeş idi, ona üz tutan hər kəsə yardımını əsirgəmirdi...

Tehran Əlişanoğlu

Böyük ədəbiyyat məbədinə qədəm qoyanda o çox gənc idi, cəmi 23 yaşı vardı. Beş illik Universitet təhsili və üç aylıq Quşçu kənd orta məktəbində müəllimlik təcrübəsi arxada qalmışdı. Öndə isə ədəbiyyatşünaslıq elmimizin çağdaşlıq duyğusu ilə yoğrulmuş, yeni milli təfəkkürlə incələnmiş çətin və mətin mərhələləri ? geniş ədəbi üfüqlər, uca zirvələr onu gözləyirdi... Reallığın zaman və məkan əqrəbi 1976-cı ilin yanvar ayını və Nizami adına Ədəbiyyat İnstitutunu nişan verirdi. İlk ədəbi tənqidi məqalələrini həmin il, baş laborant işlədiyi vaxtlarda, dövrün ən nüfuzlu mətbuat orqanlarında dərc etdirmişdir. "Konfliktsizlik" simfoniyasının sədaları altında mürgüləyən ədəbi mühitin səmasında "Həqiqi poeziyanın xətrinə" adlı tənqidi yazı şimşək kimi çaxdı, göy gurultusunu andıran dalğavari əks-sədaları gündəmə çevrildi. Çoxlarının (elə bu sətirlərin müəllifinin də!) yaddaşına əsl, həqiqi poeziyanın xətrini istəyən, qədrini bilən, təəssübünü çəkən gənc və istedadlı tənqidçinin imzası həkk olundu - Şirindil Alışanlı!

Asif Rüstəmli

Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Alışanov Şirindil Həsən oğlu son dərəcə pozitiv enerjiyə malik bir insan idi. Tanınmış ziyalı ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyyəti, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edirdi. Yaxından tanıyanlar Şirindil müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qürur duyub, onları özünün milli sərvəti sayıb.

Şirindil Alışanlının elmi fəaliyyət dairəsi genişmiqyaslıdır.

Şirindil Alışanlı yarım əsrə yaxın, ədəbi-elmi yaradıcılıqla yanaşı, milli-mənəvi irsimizin nəşri və təbliği sahəsində səmərəli fəaliyyət göstərmişdir. "Sabah" nəşriyyatının təsisatçısı, "Elm" qəzetinin baş redaktoru (1993-1998) kimi klassik və müasir ədəbiyyatımızın, tarixi və dini mənbələrimizin onlarca nümunəsini nəşr etmişdir...

Vüqar Əhməd

Şirindil Alışanlı mənim üçün saqqalı ağarmamışdan ağsaqqal olmağı bacarmış fenomen bir insan; daim ayaqda olan alim, həm mehriban, həm də müdrik dost idi... Şirindilin heç bir atributa, kanonlara, ölçü-biçiyə boyun əyməyən özünəməxsus həyat konstitusiyası vardı və bunu yazan da o idi, əməl edən də, amma pozan vaxtını görməmişdim!.. Onun heç kimə bənzəməyən öz həyat kultu, yaşam tərzi vardı, bura məişət həyatı da, elm həyatı da daxildir. Əslində o, ən çox elm adamı idi! Pedant elm adamı yox, elmi canı-qanı, övladı, həyatı qədər sevən, həyat eşqi ilə dolu elm adamı...

Qurban Bayramov

Şirindil Alışanlı institutun sayılıb-seçilən alimlərindən idi; Elmi Şuralarda və Müdafiə Şuralarında özünün obyektiv çıxışları ilə bu toplantılara bir rəng qatırdı. Onun bu xarakterindən çoxları çəkinirdi; lakin mən yaxşı bilirdim ki, o, bunu qərəzli şəkildə etmir. Ona görə də heç kim ondan narazı qalmırdı. O da heç kimə pislik etmirdi. Şöbə əməkdaşlarına öz ailəsinin üzvləri kimi baxırdı; lazım olduğu yerdə onları müdafiə edirdi.

Bədirxan Əhmədov

Şirindil xaraktercə möhkəm adam idi. Bunu onun ədəbiyyata münasibətindən də görürdüm. O, Səməd Vurğunu çox sevirdi, məqalələrinin bir çoxunu Səməd Vurğuna həsr etmişdi, bu böyük şairin elmi-nəzəri fəaliyyətini tədqiq edirdi...

Şirindilin həqiqi alim mövqeyi, həqiqətpərəstliyi, sözü üzə düz deməyi - heç kimdən çəkinməməyi (təbii ki, məqamında) onun xarakterinin dəyişilməz xüsusiyyəti idi. O, institutda Sovet ədəbiyyatı şöbəsinin müdiri idi. Mən tez-tez Şirindilin şöbə müdiri olduğu otağın yanından keçirdim, çox vaxt o, şöbədə iclaslar aparırdı. Onun şöbəsinin əməkdaşları hər həftə, hər ay gördükləri işlər barədə məlumat verirdilər.

Vaqif Yusifli

Düşünürəm ki, Şirindilin həyatda qazandıqları mənəvi-əxlaqi keyfiyyətlərin əsasında iki aparıcı xətt keçir: qədirbilənlik və milli təəssübkeşlik. Kökdən, yurddan, torpaqdan, nəsildən başlayan, orta məktəbdə, universitet illərində bəxtinə düşən müəllimlərə, qazandığı dostlara münasibətdə inkişaf edən və sonra 47 il ərzində alim kimi yetişdiyi Ədəbiyyat İnstitutunun elmi-əxlaqi mühitində, xüsusən, 70-80-ci illərə aid, habelə bir müddət çalışdığı Dünya Ədəbiyyatı İnstitutunda keçdiyi təcrübədə formalaşan bu nəcib keyfiyyət - qədirbilənlik yalnız ata-babaya, dostlara, müəllimlərə və s. minnətdarlıq deyil. Şirindilin qədirbilənliyi qan yaddaşının daşıyıcısı kimi ona həyat seçimlərində daxili istiqamət və ilham verən immanent, üzvi qüvvə idi ki, bu, ətrafdakılara da əxlaqi təsir gücünə malik idi.

Sara Osmanlı

Professor Şirindil Alışanlı xasiyyətcə nə qədər xeyirxah, gülərüz, mehriban idisə, elmin təmizliyi, saflığı, dürüstlüyü naminə bir o qədər də ciddi və naqisliyə qarşı kəskin, barışmaz idi. Təbiətən düz danışan, hər sözü şax üzə deyən insan idi. Onun bu xasiyyəti 70-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunmuş kəskin tənqidi məqaləsində özünü təsdiq edir. Tənqidçi alimin poeziyada tanınmış, kifayət qədər təbliğ olunmuş iki şairin şeir kitabları haqqında əks-sədaya səbəb olan tənqidi resenziyaları ictimaiyyəti təəccübləndirmişdi. Belə cəsarətli məqalələrə görə, hətta onun çap olunmasına bir müddət qadağa qoyulmuşdu da.

Elza Rəhimova

Qədirşünaslıq, müəllimlərinə sonsuz ehtiram, elmi irslərinə sahib çıxmaq Şirindil Alışanlı xarakterini əks etdirən mühüm dəyərlərdir. "Elm" nəşriyyatının direktoru olduğu müddətdə Şirindil Alışanlı akademiklər Tofiq Hacıyev və Bəkir Nəbiyevin, AMEA-nın müxbir üzvləri Yaşar Qarayev və Azadə Rüstəmovanın, professor Mir Cəlal Paşayevin, Ağa Laçınlının, Hüseyn Kürdoğlunun və neçə-neçə özünə müəllim bildiyi alimlərin əsərlərini çap etmişdi. Hətta nəşriyyatdan ayrıldıqdan sonra da "Yaşar Qarayev: yaxından və uzaqdan", "Hüseyn Kürdoğlunun poetik dünyası" və başqa kitabların naşiri kimi ustadlarını əbədiləşdirmişdi. Nəşrində yaxından iştirak etdiyim bu əsərlərin işıq üzü görməsi ilə Şirindil müəllim bizə elmi mirasa sahib çıxmağın önəmini, qədirşünaslığın nə demək olduğunu yenidən xatırlatdı.

Səbuhi Qəhrəmanov

1990-cı il faciəsinin zamanında idik, yanvarın 19-dan 20-nə keçən gecəni də yaşamışdıq artıq. Camaat qana bələnmiş Bakı küçələrinə axışıb tökülmüşdü, amma heç kim bir-birini görmürdü elə bil... Həmin gün cismi ələgələn şəhidlərimiz dəfn olunacaqmış, bunu da küçədə adamlardan eşitmişdik.

Dəfn karvanının maneəsiz gedişini əl-ələ verib yanakı gedən bir dəstə kişi təmin edirdi, ən ağır yük də elə onların boynuna düşmüşdü. Bu, yay kimi tarım gərilmiş dəstənin içində birdən-birə lap yaxınlığımdan keçən, adətkərdə səliqəsi, saçı-başı dağınıq Şirindil müəllimi gördüm. Bütün görkəmindən çox ağır bir əzab tökülürdü, qayaya zəncirlənmiş Prometeyə bənzəyirdi, ağlayırdı sakitcə. İki gündə ilk dəfəydi ki, tanış bir sima gördüm. Elə doğma gəldi ki mənə, dönüb gəlinimizə "Şirindil müəllimdir o gedən" - dedim, sanki bayaqdan axtardığım qardaşlarımın hansınısa tapdım. Ayıldım elə bil, ürəkləndim, ayaqlarım hərəkətə gəldi, izdihama qoşulub getdik.

Güldəniz Qocayeva

1994-cü ildə müdafiəyə hazırlaşırdım. Dissertasiyamın qısa xülasəsini, yəni avtoreferatını çap etdirmək lazım idi. O zaman "Sabah" nəşriyyatının direktoru işləyən Şirindil müəllim həm avtoreferatın redaktəsində, Ali Attestasiya Komissiyasının Əsasnaməsinə uyğun tərtibində mənə çox kömək etdi, həm də lazımi sayda nüsxəni tam təmənnasız çap edərək qaçqınlığın ağır zərbəsinə düçar olmuş məni xeyli xərcdən qurtardı. Avtoreferatımı pulsuz-parasız çap edən naşir Şirindil Alışanlı içdən gələn xeyirxahlığı ilə mənə çox böyük yaxşılıq etmişdi. Bunu heç unutmadım!

...Şirindil Alışanlını Ədəbiyyat İnstitutunda, xüsusilə, uzun illər rəhbərlik etdiyi şöbədə çox istəyirlər. Xatirə mərasimlərində bu sevginin şahidi oldum. Onun haqqında indiyədək bilmədiyim çox gözəl fikirlər eşitdim. İnsanlara münasibətdə qayğıkeşliyinin təzahürü olan neçə-neçə əhvalatla tanış oldum. Dedilər ki, Şirindil müəllim akademiyadakı xadimənin cibinə arabir xərclik qoyarmış. Alimlərin təvazökar maaşla dolandığını nəzərə alsaq, məncə bu, çox böyük jestdir. Xanımlardan biri danışdı ki, ailə başçısını itirəndən sonra iki uşaqla çətinlik çəkirdim, evin təmiri yaman gündəydi. Günün birində Şirindil müəllim bir torba divar kağızı gətirdi ki, bunlar bizim təmirdən artıq qalıb, apar, uşaqların otağına vur...

Mənzərə Sadıqova

Şirindil Alışanlı sözün, sənətin xiridarı idi. Onun siyahısında hər əlinə qələm alan böyük alim sayıla bilməzdi, böyük şair, yazıçı sayıla bilməzdi. Ş.Alışanlının rəhbərlik etdiyi nəşriyyatların (əvvəl "Sabah", sonra isə "Elm" nəşriyyatının) əməkdaşı olmuşam və şahidiyəm ki, Şirindil müəllim istər bədii ədəbiyyat nümunəsinin, istərsə də elmi bir əsərin iki-üç abzasını və yaxud şeir kitabıdırsa iki-üç bəndini oxuyan kimi müəllifin hansı səviyyədə olduğunu bilirdi. Bu onun dərin erudisiyasından və biliyindən, bir ədəbiyyatşünas kimi böyük təcrübəsindən xəbər verirdi. Şirindil qrafoman müəllifin yazdıqlarının ədəbi dövriyyəyə daxil ola bilməyəcəyini çox gözəl anlayır və cızma-qaraçı müəlliflərə meydan vermirdi.

Nasir Alışanlı

Nə yaxşı ki, şöbəmizin həyatına gənc olmasına baxmayaraq, belə mövcud fəlsəfi-estetik cərəyanlarından məlumatlı, klassik və çağdaş bədii irsimiz, onun tədqiqi və nəzəriyyəsi sarıdan müfəssəl savadlı, milli və dünya ədəbi-ideoloji proseslərindən xəbərdar bir ədəbiyyat adamı daxil oldu. Çox keçmədi ki, vəzifəsinin səlahiyyəti ilə hər birimizin bilik və qabiliyyət bazasını bələdlədi, hər birimizin yarıda biləcəyimiz işin əhatəli planını tutub elmi yaradıcılığa yönləndirdi...

Nə yaxşı ki, səninlə işlədikcə İnsan namına deyilən işıqlı kəlamların ünvanını tanıdıq. Hərəsi bir xasiyyətdə olan bizləri xəbərimiz belə olmadan yaxınlaşdırdın, doğmalaşdırdın, şöbəmizdə ailə çırağı yandırdın... Təkcə, elmi bacarığımızın səmtini dürüst təyin edən mayakımız olmadın, hər dürlü qayğılarımızı bölüşən güvənc yerimiz, dayağımız, fikir ayrılıqlarında hər kəsin tapındığı məhək daşımız oldun.

Safurə Quliyeva

Hər kəs Şirindil müəllimin şöbəmizdə yaratdığı gözəl mühitdən danışırdı. Çərşənbə günlərində keçirdiyimiz yığıncaqlarda onun elmi söhbətlərindən, məsləhətlərindən, dünyagörüşündən faydalanırdıq.

İnsanları çox sevirdi. Təmənnasız yaxşılıq etməkdən, düz danışmaqdan, kömək etməkdən zövq alırdı, ürəkdən gülməyi bacarırdı (təmizürəkli, yaxşı insanlar belə gülə bilirlər). Əsil şəxsiyyət olan Şirindil müəllim bizə dürüst dost olmağı, ətrafdakıların qayğısına qalmağı, xırdaçılıqdan qaçmağı tövsiyə edirdi. Şöbəmizdə hər kəsin işini yoluna qoymağı, dərdinə şərik çıxmağı özünə borc bilirdi.

Şöbəmizin əməkdaşları yığışaraq tez-tez bizim Novxanıdakı bağımıza gəlirdilər. Bayramlar, ad günləri və s. Bizim alimlər bağda nəyin harda olduğunu evdəkilər qədər yaxşı bilirdilər. Bu da Şirindil müəllimin xidmətləri siyahısına daxil idi. Gələn kimi özünü səmimi, öz evindəki kimi aparırdı. Hamı da onun kimi... Belə görüşlər, istirahət saatları şöbə əməkdaşlarını daha da yaxınlaşdırır, doğmalaşdırırdı. Həmin günlərin gələcəkdə xatirələrə çevriləcəyini hiss etmirdik. Sadəcə, sevincimizi yaşayır, deyib-gülürdük.

Yadigar Əsgərova

XX əsr Azərbaycan ədəbiyyatı şöbəsi elmi müzakirələr, böyüklü-kiçikli maraqlı söhbətlərlə, bir ailə kimi araya gələn əməkdaşlarımızı mənən-ruhən, elmi-nəzəri cəhətdən zənginləşdirən doğma məkana çevrilmişdi. Hər həftənin 3-cü günləri bu şöbənin işığına yığışanlar ədəbiyyat söhbətləri edir, institutun keçmişinə, dünəninə baxır, dəyərlərini, ənənələrini qorumaq, yaşatmaq, dünya elminin nəzəri prinsiplərinə uyğun olaraq yeni kitablar, layihələr üzərində çalışırdı. Bütün bunlar Şirindil Alışanlının rəhbərliyi ilə həyata keçirdi. Şirindil müəllim tələbkar, ciddi, prinsipial, amma bütün bunlara rəğmən həssas, səmimi, güzəştə getməyi bacaran insan idi. O hər bir cəhətdən hər kəsdən fərqli insan idi. "Laçın bənövşəsi"ni xatırladan uşaq kimi kövrəkliyi, doğulduğu Laçının əzəmətli dağlarını, qayalarını xatırladan sərtliyi ilə. Həssaslığından prinsipiallığına qədər insana məxsus keyfiyyətlərin ən ali dərəcəsini daşıyırdı. Düzü-düz, əyrini-əyri görmək onun əsas həyat meyarı idi. "Mənim üçün yeganə meyar ədalət prinsipidir. Axı, bizə himayədarlıq edənlər, əlimizdən tutanlar heç bir təmənna güdməyiblər. Kim onlara xəyanət edirsə, bədbəxtdir" (Şirindil Alışanlı).

O, müəllimi, yaxın dostu, həmkarı olduğu insanlara qarşı sağlığında verdiyi dəyəri yoxluğunda da qorumağı, qiymətləndirməyi bacaran alim idi.

Şirindil müəllim fenomenal yaddaşa, geniş mütaliəyə, elmi-nəzəri biliklərə, erudisiyaya malik insan idi. Hələ onu tanıdığım bu illər ərzində yadıma gəlmir ki, o nəyi isə xatırlayanda düşünsün, uşaqlıq dövründən bu günümüzə qədər müxtəlif vaxtlarda baş verən hadisələri sanki bir az əvvəl baş vermiş kimi xüsusi jest və tərzlə danışar, özünəməxsus şəkildə müsahibinin diqqətini söhbətinə yönəldərdi.

Günay Qarayeva

...Günlər keçdi, günlər ayları, aylar illəri əvəz etdi. Bir də geriyə dönüb baxanda bir igidin ömrünü yaşadıq bərabər... Şöbədə hamını başına toplayıb bir ailə yaratdı - mehriban bir ailə. Ailənin başında duran, hər birimizin qayğısını çəkən, çətinliklərimizi asan edən qaygıkeş bir ata oldu hər birimizə. Biz - şöbə əməkdaşları onu səsini yüksəldən bir müdir kimi yox, sözünü yüksəldən bir müdrik insan kimi tanıdıq. Hamı bu böyük insanı belə gördü, belə tanıdı və ondan sonra da yaddaşında belə yaşadacaq. Çünki sevilən və seçilən insanlar heç zaman nə ölür, nə də unudulur. Bu gün bu hisslərlə bu sözləri onun yoxluğunda düşünmək və yazmaq necə də ağır və iztirablıdır...

Təranə Aslanova

Özülü akademik Məmməd Arif tərəfindən qoyulan XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü) şöbəsi Şirindil Alışanlının rəhbərlik etdiyi 20 ildə özünün intibah dövrünü yaşadı. Onlarla dissertasiyalar müzakirə və müdafiə olundu, elmi sessiyalar keçirildi. Kollektiv kitablarımız, almanaxlarımız işıq üzü gördü, məqalələr yazıldı, məruzələr hazırlandı. Hamı parladı, inkişaf etdi, öz yerini tapdı, vəzifələrə getdi. Azımızı çox gördü, tərifləyə-tərifləyə hər birimizi irəli itələdi. Nə istədiyimizi, bizə nəyin lazım olduğunu, nəyə qadir olduğumuzu özümüzdən yaxşı bilirdi...

Dilarə Adilgil

Yəqin mənim Şirindillə qardaşlıq münasibətlərimdən xəbərdar olanlar onun dünyasını dəyişməsi ilə bağlı reaksiya verməməyimə, ağzıma su alıb susmağıma təəccüblənmişlər. Amma səbəb çoxdur, bir-ikisini demək istəyirəm. Dost itkisi ağır dərddir - insan içinə qapılır, kədərini heç kimlə bölüşmək istəmir. Şair demişkən, "acı kədərin aydın, dərk olunan ağrı"ya çevrilməsini gözləyir. Bir də gözləyir ki, protokol səciyyəli başsağlıqları səngisin. Əstəğfürullah, mən qətiyyən protokol çıxışlarının səmimiliyini şübhə altına almıram. Amma bu da bir həqiqətdir ki, "dərin hüznlə" kəlməsinin altında həqiqi dərin hüzn də, gəlişigözəl, zaman-zaman təkrar olunaraq metal pul sayağı sürtülmüş, heç bir hiss-həyəcan ifadə etməyən söz də gizlənə bilər.

Şirindil, adına rəğmən heç də şirin dilli deyildi. Ötkəm idi. Düşündüyünü, ağlından keçəni şax adamın üzünə deyirdi... Mən ötkəm Şirindilin müqavimət məmləkətində yaşamaq istərdim...

Qorxmaz Quliyev

Səni çox gözlədi Laçın dağları,
Eyvah! bu ayrılıq əbədi oldu.
Qurub-yaratdığın elmin məktəbi
Neçə tələbənin məbədi oldu.

Sən sözdən əbədi bir qala yapdın,
Daşların süslədin ürək qanınla.
Bir ömür Fərhaddək qayalar çapdın,
Elmə şərəf oldun adın-sanınla.

Dünya dəyirmandı üyüdür, gedir,
İllər ötüşsə də yaşıyacaqsan.
Dünənin, bu günün arzularını
Nəsildən-nəsilə daşıyacaqsan...

İlham Məmmədli

Bizim bir çoxumuza Şirindil müəllim tanıtdı ölümü... Ondan sonra öyrəndik ki, yarımçıq qalan söhbətdir, tamamlanmamış yazıdır, cavabsız qalan suallardır, işığı qəfil sönən kadrdır, ünvanını tapmayıb geriyə qayıdan məktubdur ölüm. Həyatda çox şeyi bizə öyrədən ustad ölümün də gözlənilməzliyini, çağırılmamış qonaq olduğunu öyrətdi.

Sağlığında ucaldığı mənəvi yüksəklikdən, qərar tutduğu elmi tribunadan, mərdlik və cəsarət kürsüsündən bu gün də bizə və ədəbiyyata yeni gələn nəslə yol göstərməyi bacaran Şirindil Alışanlı ədəbiyyatşünaslığımızda özünə bir abidə yonub cilaladı. Onun bizə özünü görməyib əsərlərindən, tədqiqatlarından tanıdığımız Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev, Mirzəağa Quluzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev kimi alimlərdən danışdığı kimi, biz də Ədəbiyyat İnstitutuna yeni gələnlərə haqqında danışacağımız bir zamanlar gerçək, indi əfsanəyə çevrilən Şirindil Alışanlımız var. Laçında dünyaya salam deyib, dağların saflığını və əzəmətini özü ilə götürüb paytaxta gələn, böyük alimlərdən dərs alan, sonra özü bir görkə, nümunəyə, bir gün də daş kitaba çevrilən Şirindil Alışanlı. Olduğu mühiti fərqli edən, rənginə rəng qatan, getdiyi məkanın yaddaşına hopan, tələbələrinə, yetirmələrinə elmi ilə yanaşı, qədirşünaslığı, xeyirxahlığı, mərhəmət və prinsipiallığı öyrədən Şirindil Alışanlı. Əzəmətli, sərt, o qədər də kövrək və mülayim, elmi mülahizə və fikirləri ilə, yumorlu, yaddaqalan xatirə və atmacaları ilə məktəb olan Şirindil Alışanlı. Varlığına, müdafiəsinə güvənib bir qədər ərköyünlük edən tələbələrini, əməkdaşlarını çaşqın qoyan Şirindil Alışanlı. Həqiqətin meyarı, tərəzinin ədalət gözü. Mən belə tanıdım öz ustadımı. Biz tələbələri bundan sonra yeni titullar, adlar qazana bilərik, amma bu adlardan ən ülvisi və ən nüfuzlusu "Şirindil Alışanlının tələbəsi" epiteti olacaq.

Aygün Bağırlı

Tehsil-press.az

Oxşar xəbərlər