Bayram günlərində klinikalar işləyəcək?

Bayram günlərində klinikalar işləyəcək? Martın 20-dən Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 gün qeyri-iş günü olacaq. Digər günlərdə olduğu kimi, bayram günlərində də əhalinin tibbi yardıma əlçatanlığı, eləcə də səhiyyə müəssisələrinin fəaliyyət rejimi vacib məsələlərdəndir.

Bəs bu müddət ərzində səhiyyə xidməti necə təşkil olunur? Dövlət və özəl klinikaların iş qrafiki necə tənzimlənir? Vətəndaşlar təcili tibbi yardıma ehtiyac duyduqda hara müraciət etməlidirlər? Bu suallara mütəxəssislərlə cavab tapmağa çalışmışıq.

Mövzu ilə bağlı suallarını cavablandıran "Məlhəm" Beynəlxalq Hospitalın direktoru Sevda Əlizadə deyib ki, bayram və qeyri-iş günlərində dövlət və özəl xəstəxanalarda həkimlərin iş rejimi növbəli sistemlə tənzimlənir:

"Yəni xəstəxanada təxirəsalınmaz yardım üçün növbədə həkimlər olur. Eyni zamanda, böyük özəl xəstəxanaların radiologiya, təcili yardım şöbələri, laboratoriyası və sair 24 saat işləyir. Həmin günlərdə ixtisaslı həkimlər evdə olsalar da, növbədə olduqları halda xəstəxanadan yarım saatlıq məsafədə olurlar və təcili hallarda xəstəxanaya gəlirlər. Hansısa travma, yanıq, cərrahi müdaxilə, patoloji hal olarsa, bu halda pasiyentin vəziyyəti təcili yardımda dəyərləndirdikdən sonra növbədə olan ixtisaslı həkimlər tərəfindən ona tibbi müdaxilə edilir. Bayram günlərinin sayı çox olanda isə həkimləri əlavə iş saatına görə ikiqat əməkhaqqı verməklə işə çıxarırıq. Qismən kiçik və bütün sahələr üzrə ixtisaslı həkimləri olmayan, eyni zamanda ixtisaslı həkim sayı az olan özəl klinikalar isə bu sistemi qura bilmirlər. Klinikada ixtisaslar üzrə ən azı iki-üç mütəxəssis olmalıdır ki, növbəlilik sistemi qurula bilsin".

S.Əlizadə qeyd edib ki, təcili təxirəsalınmaz yardıma ehtiyacı olan hər bir Azərbaycan vətəndaşı üçün həm dövlət, həm də özəl tibb müəssisələrində xidmət tam ödənişsizdir:

"Yəni özəl tibb müəssisələri də borcludur ki, hansısa həyatı təhlükəsi, yaxud təxirəsalınmaz yardıma ehtiyacı olan vətəndaşa yardım etsin. Buna təcili yardım xidməti və əməliyyatlar daxildir. Əhalinin aztəminatlı hissəsi üçün planlı yox, amma təxirəsalınmaz əməliyyat və bütün tibbi xidmət ödənişsizdir".

Bu sahədə xarici təcrübə barədə danışan həmsöhbətimiz deyib ki, bir çox dünya ölkələri ilə müqayisədə Azərbaycanda tibbi xidmətə əlçatanlıq daha yüksəkdir:

"Xarici ölkələrdə adi günlərdə belə, tibbi xidmətin əlçatanlığı əhali üçün olduqca çətindir. Ona görə ki, bürokratik əngəllər, uzun-uzadı növbələr var. Bəzən adi bir göz müayinəsi üçün adamlar günlərlə gözləməli olurlar. Təxirəsalınmaz xidmətlərlə bağlı vəziyyət də eynidir. Adi günlərdə, məsələn, qolu sınan, yüksək temperaturu olan adam təcili yardımda saatlarla gözləyə bilər. Bu həm Avropa ölkələri, həm də ABŞ üçün keçərlidir. Bu baxımdan, bizim vətəndaşlar şanslıdırlar, bizdə tibbi xidmət daha əlçatandır. Yerlərdə mütəxəssislərin keyfiyyəti, peşəkarlığı isə artıq başqa müzakirə mövzusudur".

Daha bir həmsöhbətimiz, həkim-farmakoloq Müşfiq Hüseynovun fikrincə, bayram və qeyri-iş günlərində tibbi xidmətə əlçatanlığı artırmaq üçün virtual hospital yaratmaq və özəl müayinə kabinetləri açmaq olar:

"Virtual hospital rayonlarda yaşayanlar üçün də yaxşıdır. Belə ki, onlar Bakıda hansısa həkimin qəbuluna yazılaraq onlayn konsultasiyadan keçə bilərlər. Bu halda ilkin müayinə əsasında müalicə yazılması mümkün olduqda müalicə başladılır, xəstənin əyani müayinəsinə ehtiyac olduqda isə o, mərkəzə transfer edilir. Bu sistemin mobil versiyasını da yaratmaq olar ki, müəyyən miqdarda ödəniş etməklə bu sistem işləyə bilər".

M.Hüseynovun sözlərinə görə, klinikalar hər sahədən bir və ya iki nəfər ixtisaslı həkim təhkim etməklə bu işi qura bilərlər:

"Gənc mütəxəssislər də bu işdə maraqlı olarlar. Onlayn qaydada xəstələrin analiz, rentgen nəticələrinə baxmaqla, onların şikayətlərini dinləməklə müalicə təyin edə bilərlər".

Digər həll yoluna gəlincə, onun fikrincə, bu, müxtəlif ixtisaslı həkimlərin açdığı özəl müayinə kabinetləri ola bilər:

"Həkimlər öz kabinetlərini açaraq orada fəaliyyət göstərə bilərlər. Əsas odur, həmin kabinet tam təşəkkül olsun. Bu təcrübə Avropada, qonşu Türkiyədə var. Bizdə bu sistem stomatologiya sahəsində çox yaxşı inkişaf edib. Bunu digər mütəxəssislər də edə bilərlər. Azərbaycanda bir neçə ixtisaslı həkim kabinet açıb tanıda bilsə, etimad göstərib gedənlərin olacağını düşünürəm. Burada qiymətlər də özəl klinikalarla müqayisədə daha münasib olar".

Qeyd edək ki, Novruz və Ramazan bayramı günlərində dövlət müəssisələrinin hansı rejimdə işləyəcəyi ilə bağlı Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. TƏBİB-dən sorğumuza cavab ala bilməsək də, Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, nazirliyin tabeliyində olan tibb müəssisələrində bayram günləri ilə əlaqədar tibbi personal üçün iş cədvəli tərtib olunur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir.

"Həmin müəssisələrdə işçilər qeyd edilən cədvələ uyğun işə gəlirlər", - deyə məlumatda qeyd edilib.

Tehsil-press.az

Oxşar xəbərlər