Bidzina İvanişvilinin sərvəti son bir ildə minimuma enib – Son 45 gündə itirdiyi baş döndürür

Bidzina İvanişvilinin sərvəti son bir ildə minimuma enib – Son 45 gündə itirdiyi baş döndürür "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvilinin sərvəti son bir ilin minimum səviyyəsinə qayıdıb.

Bu barədə beynəlxalq "Bloomberg" biznes nəşrinin 9 aprel tarixli məlumatında bildirilir.

Son göstəricilərə əsasən, "Bloomberg" İvanişvilinin sərvətini 6 milyard 700 milyon dollar olaraq dəyərləndirir. Onun sərvəti bu səviyyəyə sonuncu dəfə 2024-cü ilin fevralında düşmüşdü.

Qeyd edək ki, 2025-ci il fevralın 19-da İvanişvilinin sərvəti tarixi maksimuma çataraq 7 milyard 830 milyon dollar olub. Bu, o deməkdir ki, təxminən bir ay yarım ərzində o, 1 milyard 130 milyon dollar itirib.

Nəşrin məlumatına görə, Bidzina İvanişvili sərvətini 1990-cı illərdə Rusiyada müxtəlif sahələrdə — dəmir filizi hasilatı, polad istehsalı, bank sektoru və daşınmaz əmlak portfeli formalaşdırmaqla — qazanıb. O, aktivlərinin böyük hissəsini 2003–2006-cı illərdə satıb, qalanını isə 2012-ci ilin oktyabrında Gürcüstanın Baş naziri seçilməzdən əvvəl realizə edib. İvanişvili bu vəzifədən 2013-cü ildə istefa verib.

Qeyd edək ki, "Bloomberg" milyarderlər indeksində onun sərvətini 2013-cü ildən etibarən izləyir. "Forbes" jurnalının reytinqinə görə isə İvanişvilinin sərvəti bir neçə il ərzində dəyişməz olaraq 4 milyard 900 milyon dollar səviyyəsində göstərilib. Lakin 2025-ci ilə dair son yeniləməyə əsasən, "Forbes" onun sərvətini 2 milyard 700 milyon dollar olaraq qiymətləndirir.

Tehsil-press.az

Oxşar xəbərlər