“Rüstəm İbrahimbəyovu Milli Şuraya lider seçək”

“Rüstəm İbrahimbəyovu Milli Şuraya lider seçək” Demokratik Qüvvələrin Milli Şurası bu gün öz çətin günlərini yaşayır. Azərbaycanda demokratik dəyişikliklər arzusunda olan hər kəs, sözün əsil mənasında ciddi sınaq qarşısındadır. Milli Şura yeganə müqavimət və mübarizə institutu kimi yaşayacaq, mövcud olacaq, ya yox? Heç şübhəsiz ki, mütərəqqi düşüncəli insanlarımız, o cümlədən əsas müxalif qüvvələr MŞ-nın qorunmasında, onun güclənməsində maraqlıdırlar. Biz ümid közərtisini sönməyə qoymamalı və mütləq şəkildə inam işartısını artırmalı, aydınlatmalıyıq!..

Milli Şuranın taleyindən səmimi surətdə narahatlıq keçirənlərin və tərəddüd edənlərin nəzərinə belə bir təklif çatdırıram. Ümid edirəm ki, “Milli Şura bitdi”, “Milli Şura parçalandı, dağıldı” və sair bu sayaq inamsız fikirlər səsləndirən dostlar bu təklifə ciddi yanaşacaq və bunun yaranmış situsiyada bəlkə də yeganə çıxış yolu olduğunun fərqinə varacaqlar.

Təklif: Milli Şura fövqəladə sessiyasını çağırır və RÜSTƏM İBRƏHİMBƏYOV MİLLİ ŞURANIN LİDERİ seçilir!

Güman edirəm ki, MŞ-nın qorunması naminə, bütün obyektiv, eləcə də subyektiv iradlara (bəzənsə, əsassız kaprizlərə!) səbrlə, müdrikcəsinə yanaşan Rüstəm İbrahimbəyov bu təklifi də düzgün dəyərləndirəcək.

Heç kəsə sirr deyil ki, mövcud Milli Şuranın, Demokratik düşərgənin analoqu olmayan möhtəşəm birliyi kimi, Rüstəm İbrahimbəyova mənəvi borcu vardır. Eyni zamanda, unutmayaq ki, Milli Şura, istəsək də, istəməsək də, Rüstəm İbrahimbəyovla assosiasiya olunur; çünki, Rüstəm müəllim bu qurumun ideya müəllifi, qurucusu və təəssübkeşidir. Rüstəm müəllim Milli Şura ideyasını reallaşdırmaqla, ictimai rəylə yanaşı, ictimai rəğbət də qazandı və bu, danılmaz bir FAKTdır!

Yuxarıda səsləndirilən təklifi qəbul etməklə biz, həm Azərbaycanın nadir şəxsiyyətlərindən sayılan Rüstəm İbrahimbəyova layiq olduğu hörməti nümayiş etdirər, həm də Milli Şuranı monolit Birlik kimi qoruyub - hifz etmiş olarıq.

Ümid edirəm ki, MŞ-nın sədri hörmətli Cəmil Həsənli, AXCP, KXCP, ACP, EL Hərəkatı və Milli Şurada təmsil olunan digər təsisçi dostlarımız bu təklifə öz obyektiv münasibətlərini bildirəcəklər.

Unutmayaq! Bizlər bu gün ölkənin, eləcə də xalqımızın şərəf və ləyaqətinin məsuliyyətini daşıyırıq!

Eldəniz Quliyev
Milli Şuranın üzvü,
Azərbaycan Ziyalılar Birliyinin sədri


Tehsil-press.az

Oxşar xəbərlər