Ekologiya İdarəsi Xəzər dənizindəki neft-qaz yataqlarında ekoloji monitorinq işlərinə başlayıb

Ekologiya İdarəsi Xəzər dənizindəki neft-qaz yataqlarında ekoloji monitorinq işlərinə başlayıb SOCAR-ın şurası tərəfindən təsdiq olunmuş 2016-cı il üzrə illik iş planına əsasən Ekologiya İdarəsi tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqlərə başlanılıb.

SOCAR-dan Tehsil-press.az-a bildirilib ki, bu məqsədlə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən may ayında N.Nərimanov adına NQÇİ-nin istismarında olan “Səngəcal-Duvvanı-Xərə-Zirə” və “Ələt dəniz” yataqlarında “MPK-452” gəmisi vasitəsilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib.
Monitorinqlər zamanı seçilmiş stansiyalarda “Niskin” tipli batometr vasitəsilə su nümunələri götürülüb, gəminin laboratoriyasında “Professional Plus” çoxrejimli analitik cihaz vasitəsilə su nümunələrində hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur təyin olunub.
Alınmış fiziki-kimyəvi nəticələrin Xəzər dənizi üçün xarakterik göstəricilər həddində olduğu müəyyən edilib.
Bundan başqa, “Van Veen” dibcarpanı vasitəsilə bioloji tədqiqatlar üçün dib çöküntüləri, bentos nümunələri, eləcə də dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, tədqiqat gəmisinin laboratoriyasında emal edilərək qablaşdırılıb və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.
Hazırda ekoloji monitorinq işləri SOCAR-ın digər dəniz yataqlarında da davam etdirilir.


Tehsil-press.az

Oxşar xəbərlər