BDU tələbələri üçün təlim: “Geoloji kəşfiyyat işlərində GPS-dən istifadə”

BDU tələbələri üçün təlim: “Geoloji kəşfiyyat işlərində GPS-dən istifadə” Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Geoloji kəşfiyyat işlərində GPS-dən istifadə” mövzusunda praktiki təlim keçirilib.

“AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Geoloji-geofiziki məlumatların təhlili sektorunun aparıcı mütəxəssisi, Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının saathesabı müəllimi Elfaq Məmmədov tərəfindən keçirilən təlimin məqsədi tələbələrin müasir geoloji tədqiqat metodları, ərazidə aparılan geoloji kəşfiyyat işlərində GPS texnologiyasının səmərəli tətbiqi ilə tanış edilməsi və nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsinə şərait yaratmaqdır.

Əvvəlcə təlimdə istifadə olunan “Garmin GPSMAP” cihazının texniki xüsusiyyətləri və praktik imkanları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu cihazlar ikitərəfli mətn mesajlaşma imkanı təqdim edir. İridium peyk şəbəkəsi vasitəsilə istifadəçilər dünyanın istənilən nöqtəsindən SMS və e-poçt vasitəsilə əlaqə saxlaya bilirlər. Cihaz vasitəsilə beynəlxalq axtarış-xilasetmə xidməti olan GEOS-a birbaşa SOS siqnalı göndərmək mümkündür ki, bu da təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.

GPS izləmə funksiyası istifadəçiyə koordinatları real vaxtda izləməyə və marşrutları xəritədə qeyd etməyə şərait yaradır. Bundan əlavə, cihazlar “Garmin Earthmate” və ya “Explore” tətbiqləri vasitəsilə “Bluetooth” əlaqəsi ilə smartfonlarla sinxronlaşdırılır və bu da xəritələrin istifadəsini və mesajların yazılmasını daha da asanlaşdırır.

Təlim zamanı iştirakçılar GPS cihazlarının quruluşu, iş prinsipi və geoloji xəritələmə prosesindəki rolu ilə bağlı geniş məlumat əldə ediblər. Praktiki hissədə tələbələr real sahə şəraitinə uyğun olaraq koordinatların təyin olunması, məlumatların toplanması və onların xəritəyə köçürülməsi prosesində fəal iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər