BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır

BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri” mövzusunda elmi seminar keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Sonra BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının doktorantı Afaq Məmmədova mövzu üzrə məruzə edib. Gənc tədqiqatçı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə başa çatan Vətən müharibəsi, eləcə də Qarabağda aparılmış birgünlük antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin bərpasından sonra müharibə və postmüharibə dövründə baş verən proseslər, dövlətimizin bu sahədəki siyasəti, Qarabağın tarixi, mədəniyyəti, elm, təhsil mühiti yeni elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi xüsusi aktuallıq kəsb edir: “Vətən müharibəsinə həsr olunmuş bədii əsərlər, onların mövzu dairəsi, ədəbi-bədii, ictimai əhəmiyyəti ciddi şəkildə tədqiq olunmalıdır. Çünki Vətən müharibəsindəki parlaq qələbəmiz ədəbiyyatımıza yeni çalarlar gətirib, yeni mövzuların, obrazlar sisteminin formalaşmasına zəmin yaradıb. Xüsusilə, Şuşa şəhərində Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpası bu istiqamətdə olduqca mühüm addımdır”.

Araşdırmada tarixi Zəfərdən keçən beş il ərzində ölkəmizin aparıcı nəşriyyatları tərəfindən mövzuya dair nəşr olunmuş kitablar təhlil olunub. Torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi uğrunda şəhid olmuş soydaşlarımıza, qazilərimizə, eyni zamanda müharibələrin sosial-fəlsəfi mahiyyətinə həsr olunmuş bədii ədəbiyyat nümunələrinin yer aldığı kitab və toplular analiz edilib. Ötən dövr ərzində ölkə nəşriyyatlarının Vətən müharibəsi mövzusunda çap etdirdiyi kitablar ad və tiraj göstəriciləri üzrə təqdim olunub. Bu əsərlərin Vətən müharibəsində xalqımızın şücaətinin, yenilməzliyinin əbədiləşdirilməsi, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması, həmçinin müharibələrin sosial-fəlsəfi mahiyyətinin izahı, davamlı sülhə və rifaha çağırış missiyası baxımından əhəmiyyəti vurğulanıb. 

Elmi seminar müzakirələrlə davam etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər