
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Nazlı Ana" xeyriyyə təşkilatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər. "Baku Medical Plaza" Klinikalar şəbəkəsi ilə birgə təşkil olunan tədbirdə uşaqlara bayram şənliyi təşkil edilib.
Tədbir çərçivəsində "Nazlı Ana" fondunun icraçı direktoru Elnur Kələntərov internat evinin rəhbərliyinə səmimi qəbula və göstərilən əməkdaşlığa görə təşəkkürünü bildirib, bu cür təşəbbüslərin cəmiyyətin həssas təbəqələrinin sosial rifahına mühüm töhfə verdiyini vurğulayıb.
1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova çıxış edərək "Nazlı Ana" fonduna və "Baku Medical Plaza" Klinikalar şəbəkəsinə göstərilən mənəvi dəstəyə və peşəkar təşəbbüsə görə təşəkkür edib. O, bu cür humanist aksiyaların xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yalnız tibbi deyil, emosional və psixoloji baxımdan da olduqca əhəmiyyətli olduğunu qeyd edib.
Tədbir çərçivəsində "Baku Medical Plaza" Klinikalar şəbəkəsinin həkim-pediatrı Şəlalə Poluxova tərəfindən ümumi tibbi müayinələr həyata keçirilib. Eyni zamanda, 60-dan çox uşağın ümumi laborator analizlərinin təhlili yerində təmin olunub.
Daha sonra "Nazlı Ana" və "Baku Medical Plaza" kollektivinin iştirakı ilə internat evinin 150-yə yaxın azyaşlı sakini üçün əyləncəli proqram təşkil edilib.
2024-cü ildən fəaliyyət göstərən "Nazlı Ana" xeyriyyə təşkilatının məqsədi müxtəlif xeyriyyə təşəbbüsləri ilə ictimaiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan insanlara yönəltmək, qızların təhsilinə dəstək vermək və bu cür tədbirlərin əhatə dairəsini genişləndirməkdir.
"Nazlı Ana" xeyriyyə təşkilatının əsas tərəfdaşlarından olan "Baku Medical Plaza" klinikalar şəbəkəsi 2012-ci ildə yaradılıb və hazırda "Babək", "Mərkəz" və "Medilux" filialları ilə yüksəkixtisaslı tibb xidmətləri ilə seçilir.
Tehsil-press.az