Abbas Abbasov: "Müxtəlif regionlarda kolonializm siyasətinin təzahürlərinə şahid oluruq"

Abbas Abbasov: "Kolonializmlə mübarizənin məqsədi ədalətli və bərabər gələcəyin qurulmasıdır. Bugünkü konfrans da müstəmləkəyə elmi yanaşmaları və onu beynəlxalq təşkilatların prizmasından dəyərləndirmələri ilə fərqlənir".

Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, zülm altında yaşayan bir çox insan bu platformadan öz səsini eşitdirmək üçün istifadə edib, həmçinin müstəmləkə siyasətinin ağır nəticələrini beynəlxalq ictimaiyyətə təqdim ediblər:

"Bu gün hələ də müxtəlif regionlarda kolonializm siyasətinin təzahürlərinə şahid oluruq. Bəzən siyasi, bəzən isə iqtisadi, maliyyə, mədəni və hüquqi strukturlar üzərindən hökmranlıq edilir, insanlar asılı hala salınır. Son iki il ərzində biz kolonializmə həsr olunmuş təxminən 14 beynəlxalq tədbir təşkil etmişik. Biz qəti şəkildə inanırıq ki, müasir müstəmələkçiliyin istənilən forması beynəlxalq hüquqi mexanizmlərlə, ictimai idarəetmə və çoxtərəfli əməkdaşlıq vasitəsilə aradan qaldırılmalıdır".

"Kolonializmlə mübarizə aparan strukturların davamlılığı BMT Nizamnaməsində, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və BMT Baş Assambleyasının çoxsaylı qətnamələrində əks olunmuş prinsiplərə əsaslanır. Bizim də məqsədimiz bütün xalqların öz müqəddəratını təyinetmə, bərabərlik və mədəni muxtariyyət hüququna tam hörmət edən bir dünyanın intellektual və mənəvi əsaslarını dəstəkləməkdir", - deyə A.Abbasov əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər