Buraxılış mərasimində Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, Müdafiə Nazirliyinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Buraxılış mərasiminin əvvəlində ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardından hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və liseyin Döyüş bayrağı meydana gətirilib.
Milli Müdafiə Universitetinin rektoru, polkovnik Gündüz Əbdülov çıxış edərək, məzunları müdafiə nazirinin adından və öz adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Həmçinin onların təhsilində böyük əməyi olan müəllimlərə də təşəkkürünü bildirib.
Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev də mərasimdə çıxış edərək kursantları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərasimdə çıxış edən digər nümayəndələr də kursantlara öz təbriklərini ünvanlayıb. Onlar Prezident İlham Əliyevin Hərbi Liseyə daima göstərdiyi diqqət və qayğını vurğulayaraq minnətdarlıqlarını bildiriblər.
Kursantlar arasında yüksək bal toplayaraq liseyi birinciliklə bitirən Rüfət Rzayev çıxış edərək liseyin rəhbərliyinə və müəllimlərə öz minnətdarlığını bildirib. O, məzun yoldaşlarını da təbrik edərək nitqini sonlandırıb. Liseyi yüksək nəticələrlə bitirən məzunlar birinci, ikinci və üçüncü yerlər üzrə təltif olunublar. Tədris və intizamda öz bacarıqları ilə fərqlənən digər məzunlar isə döş nişanları ilə mükafatlandırılıblar.
Mərasimin irəliləyən hissəsində məzun olan kursantlar tərəfindən liseyin Döyüş bayrağı liseyə yeni qəbul olunmuş kursantlara təhvil verilib. Sonda isə orkestrin təntənəli ifası ilə kursantların keçidi baş tutub və bayraq meydandan çıxarılıb.
Tehsil-press.az