
Bu gün bir sıra yerli KİV-də Mədəniyyət və İncəsənət Universitetində intihara cəhd hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.
Bildirilirdi ki, sözügedən təhsil müəssisəsinin “Kulturologiya” fakültəsinin 3-cü kurs tələbəsi özünü 2-ci mərtəbədən atıb. Hadisə nəticəsində sağ qalan tələbə başından ağır travma alaraq xəstəxanaya yerləşdirilib. İntihara cəhd olayının arxasında bəzi müəmmaların dayandığı bildirilir. Belə ki, guya həmin tələbə sevdiyi qızdan “yox” cavabı alıb. Buna görə də o, yaşamaq istəməyib. Bu səbəbdən də intihar etmək istəyib.
Başqa bir mənbə isə tələbənin kəsirlərinin olduğunu və buna görə tələb olunan “haqqı” ödəyə bilmədiyindən intihara əl atdığını deyir.
Mədəniyyət və İncəsənət Universiteti tələbənin özünü binadan atmasına münasibət bildirib. Universitetin mətbuat xidmətindən tehsil-press.az-a bildirdilər ki, "Kulturologiya" fakültəsinin 3-cü kurs tələbəsi Qismət Süleymanovun təhsil haqqına görə özünü atması doğru deyil: “Tələbə təhsil müəssisəmizdə ödənişsiz əsaslarla təhsil alır. Onun necə təhsil haqqı borcu ola bilər? Bu sadəcə ehtiyatsızlıqdır. Heç bir intihara cəhd yoxdur. Q. Süleymanov sabahdan etibarən dərslərdə iştirak edəcək”.
Universitetdən barəsində məlumat yayılan gəncin “Best model of Azərbaycan”ın iştirakçısı olduğu bildirildi. Hazırda onun vəziyyəti normaldır.
Tehsil-press.az