70 minə yaxın namizədin iştirakı ilə keçirilən test imtahanları 3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində olmaqla 44 imtahan mərkəzində təşkil olunub.
Bu imtahanlardan uğur qazanan müəllimlərin də sayı kifayət qədərdir. Müsahibimiz Bakı şəhəri 159 daylı məktəbin ingilis dili müəllimi Gülbahar Quliyeva müəllimlərin işə qəbulu (MİQ) imtahanından 100 bal toplayıb:
Müsahibəni təqdim edirik:
- Siz artıq ikinci dəfədir ki, MİQ imtahanında iştirak edirsiniz. Hazırda çalışan bir müəllim olaraq niyə MİQ imtahanında iştiraka qərar verdiniz?
- Mən 4 ildir ingilis dili müəllimi olaraq məktəbdə çalışıram. 2021-ci ildə MİQ imtahanı ilə işə qəbul olunmuşam. Builki MİQ imtahanı mənim ikinci imtahanımdır. Mən bu il həm də sertifikasiya imtahanında iştirak edib, imtahanda 56 bal toplamışam. Bu il artıq çalışdığım müddətin 3 ili tamam olduğu üçün MİQ-də də iştirak edə bilərdim.
Ona görə də həm sertifikasiya, həm də MİQ imtahanında iştirak etdim. Fikirləşdim ki, bununla görüm nə qədər inkişaf etmişəm, yaxud geriləmişəm. Yəni imtahanda özünü yoxlamaq üçün iştirak etmişəm. Konkret olaraq iş yerini dəyişmək məqsədilə imtahana getməmişəm. Bu istiqamətdə hələ tam qərar verməmişəm.
- Hər iki imtahanda iştirak edən müəllim olaraq bu imtahanları necə dəyərləndirirsiniz?
- Bu il sertifikasiya imtahanı MİQ imtahanı ilə müqayisədə daha çətin idi. MİQ mənə daha rahat gəldi. Ancaq ümumilikdə MİQ imtahanında həm asan, həm də çətin suallar var idi. Yəni hər səviyyədə suallar oldu.
- MİQ imtahanında 100 bal toplamanızın ilk təəssüratı necə oldu?
- Əslində əvvəl şok oldum. Yəni mən sualları yazdıqca 90 baldan yuxarı gözləyirdim. Birdən-birə 100 balı gördükdə gözlərinə inana bilmirsən. Nəzarətçiləri çağırdım ki, siz də baxın, bəlkə mən səhv görürəm. Onlar da gəlib baxdılar və dedilər ki, səhv görməmisən, 100 bal toplamısan. Mən imtahanı onsuz da 50 dəqiqə tez bitirmişdim. Bir daha da sualları nəzərdən keçirmək şansım oldu. Vaxt problemi də yaşamadım.
- Ümumiyyətlə, xarici dil müəllimi olaraq bu gün şagirdlərin həmin fənnə marağını necə dəyərləndirirsiniz?
- Şagirdlərin marağı fəndən daha çox müəllimdən asılıdır. Sevdirə bilsək, şagirdlər bütün fənləri sevə bilərlər. Sadəcə olaraq onlara stimul vermək, onlarda həvəs yaratmaq lazımdır. Bu zaman onlar fənni həvəslə öyrənəcəklər. Mənə elə gəlir bu stimulu, həvəsi uşaqlarda yarada bilirəm. Çünki bunu dərs keçdiyim uşaqlarda görə bilirəm.
Bu gün hansı peşəyə yiyələnsələr də ingilis dilini bilməlidirlər. Hər bir peşədə ingilis dili ilə bağlı nəsə var. Mən artıq öz şagirdlərimdə də görürəm ki, həqiqətən də onlar bunu hiss edirlər. Hətta mən şagirdlərlə iş zamanı gündəlik həyatla ingilis dilini əlaqələndirirəm ki, onlar bu dili niyə öyrənməli olduqlarını başa düşsünlər. İngilis dilini həyatda rolunu bildikdən sonra şagirdlər bu dili öyrənməyə daha həvəslə yanaşırlar.
- Son vaxtlar belə bir fikir yaranıb ki, şagirdlərin ali məktəbə qəbulu zamanı qazandıqları uğurlar məktəbin yox, repetitorun uğurudur. Bu fikirlə razılaşırsızmı?
- Mən bu fikirlə razı deyiləm. Çünki repetitorların əksəriyyəti elə məktəbdə çalışan müəllimlərdir. Şagirdin bazası olmasa, məktəbdə heç nə bilməyən uşaq nə qədər hazırlığa getsə də, qəbul imtahanında yüksək nəticə göstərə bilməz.
Məncə, öz işinə vicdanla yanaşan hər bir müəllim məktəbdə dərsi necə keçirsə, şagird də o dərsdən çox şey öyrənir, nəinki həftədə bir neçə saat gedib hansısa repetitordan nəsə öyrənməklə. Həqiqətən də oxuyan, fənnə həvəsi olan şagird məktəbdə bunu öyrənir, təməli orada qoyulur. Şagirddə həvəs olsa, o, bunu davam etdirə bilər.
-Siz dərsdən əlavə repetitorluqla məşğul olursuzmu?
- Yox, hələ repetitorlulqa məşğul olmuram. Hazırda sırf orta məktəbdə çalışıram. Əgər şagirdin ehtiyacı varsa, dərsi öyrənməkdə çətinlik çəkirsə, buna normal baxıram. Hər şagirddə hər bir fənn eyni cür inkişaf edə bilmir, eyni maraq olmur. Bu zaman repetitorluqla məşğul olmağın mənfi tərəfi yoxdur.
- Bəzi müəllimlər belə bir fikir səsləndirirlər ki, davamlı olaraq imtahan veririk. Qeyd edirlər ki, universitet təhsili alıblar, niyə yenidən imtahana cəlb olunmalıdırlar? Bu fikir nə dərəcədə doğrudur?
- Xeyr, mən bu fikirlə razı deyiləm. Çünki universitetdə keçdiyimiz proqramla orta məktəb proqramı çox fərqlidir. Eyni zamanda, dərsliklər bir neçə ildən bir tamamilə dəyişir. Bizim orta məktəbdə oxuduğumuz dərsliklər deyil. Hər il metodika, üsullar dəyişir, inkişaf edir. Bundan xəbəri olmayanlar necə indiki proqramı öyrədə bilərlər?
Mən həm sertifikasiya, həm də MİQ imtahanının tərəfdarıyam. Çünki özüm MİQ imtahanına çox ciddi hazırlaşmışam. Hazırlaşdığım ilk ildə də işə qəbul olunmuşam. Üç il sonra da sertifikasiya imtahanında 56 bal toplamışam və əməkhaqqının 35 faiz artımı tətbiq olunub. Həm də artıq 4 ildir çalışmağıma baxmayaraq özümü də yoxladım.
Bu imtahanın olması məsuliyyətdir. Digər tərəfdən, müəllimin davamlı inkişafına xidmət edir. Müəllim öz üzərində məsuliyyət hiss edir ki, mən oxumalıyam, özümü təkmilləşdirməliyəm və bu imtahandan uğur qazanmalıyam. Hazırda dünyada hər şey inkişaf etdiyi kimi müəllim özü də inkişaf edib təkmilləşməlidir ki, müasir dünyanın tələbləri ilə də ayaqlaşa bilsin.
- Yəqin ki, 5 il sonra siz yenidən sertifikasiya imtahanında iştirak etməli olacaqsız. Yenidən imtahanda iştirak zamanı sualların daha da çətinləşəcəyinidüşünürsünüzmü?
- Ola bilsin 5 il sonra imtahanının formatında da dəyişiklik olsun. Mövzularla yanaşı, bəlkə kitablar da dəyişdi. Ona görə də mən öz üzərimdə məsuliyyət hiss edirəm ki, imtahan 5, yaxud 10 ildən sonra da olsa mütləq hazırlaşmalı, təkmilləşməli və bu imtahandan da keçməliyəm.
Nigar Abdullayeva
Tehsil-press.az