Milli Təhsilimizin ilk nümunəsi – qızlar məktəbi

Milli Təhsilimizin ilk nümunəsi – qızlar məktəbi Azərbaycanın XX əsr siyasi-ictimai və mədəni həyatında, çar Rusiyasının müstəmləkəsi altında əziyyət çəkən millətin xilası uğrunda ömrünün sonunadək təmənnasız olaraq fiziki və mənəvi gücünü, var-dövlətini əsirgəməyən böyük millət oğullarından biri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı, milli azadlıq hərəkatının üzvlərindən biri-Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev idi. O, hər cür tərəqqiyə, inkişafa səbəb olacaq vasitələrdən məhrum edilmiş millətinin irfanı üçün çalışır, vuruşur, dövrün ziyalıları ilə birgə çıxış yolları axtarırdı. Yaxşı bilirdi ki, müsəlman-tatar adlandırılan millətinin tərəqqisi, gömüldüyü zülmətdən qurtulması üçün maarif, mədəniyyət, mətbuat, qəzet, dərgi, məktəb, təhsil lazımdır, millətin işıqlı gələcəyi elmdədir. Bu işığı isə yalnız millətin öz övladları yandıra bilər. Bu işıq 110 il öncə Tağıyevin Bakıda min bir əzab-əziyyətlə açdığı Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbindən başladı.
XX əsrin əvvəllərində bütün maneələrə baxmayaraq, Hacının maddi və mənəvi dəstəyi ilə maarifi və milli mədəniyyəti təbliğ edən, yayan cəmiyyətlərin, xeyriyyəçi təşkilatların, ittifaqların fəaliyyətləri çoxalır, öz hesabına onlarca azərbaycanlı gənci Rusiya və başqa diyarlarda ali təhsil almağa göndərirdi.
Qız uşaqları isə tamamilə təhsildən, tərəqqidən kənarda qalırdı. Nəticədə xaricdə təhsil alan gənclər öz millətinin qızı ilə deyil, təhsilli, dünyagörüşlü əcnəbilərlə evlənir, bunun da millət üçün faydası olmurdu.
Milli Təhsilimizin ilk nümunəsi – qızlar məktəbi
Bunları düşünən Hacı qızlar üçün məktəb açmaq, azərbaycanlı qızlarının elmə-təhsilə vaqif olmasını istəyirdi. Digəlki ölkə bir tərəfdən çar Rusiyasının müstəmləkəsindən əziyyət çəkirdisə, digər tərəfdən də daxildəki qaragüruhçu dindarların, cahillərin təhsilə, elmə, irfana həqarətlə baxması onun əl-qolunu bağlayırdı. Qurani-Kərim cəmiyyətdə düzgün təbliğ edilmədiyindən insanlar təhsilə günah kimi baxır, ailələr nəinki qızlarını, oğlanlarını belə məktəbdən çəkindirirdilər. Belə bir xəstə cəmiyyətdə qızlara məktəb açmağını nə demək olduğunu yaxşı bilən Hacı çox müdrik insan idi. “Bunu mən etməsəm, kim edəcək, bu biçarə millətin gələcəyini mən düşünməyim, o düşünməsin, kim düşünsün? Alacağım zərbə nə qədər ağır olsa da, mən bu işə başlamalıyam” deyib məqsədinə doğru gedir.
Şərq dünyasının ilk mesenatı Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək xalqa müraciət etdi: “Səmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfetlə rəftarları xoş olar. İngiltərəyə, Germaniyaya, Firengistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla mecazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar da, özü-özünə olurlar, mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq Quransız, namazsız, şeriətsiz...”
Bakıda qız məktəbi açmaq istəyən Hacı əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də mənfı cavab alır. II Nikolay taxta çıxanda Hacı yenə cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev fürsəti fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu dəfə ox hədəfə dəymişdi. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yer seçilməsinə və inşasına diqqət yetirir. Lakin daxildəki düşmən qüvvələr yenə də bu iman və irfan insanının yaxasını buraxmırlar. Naəlac qalan Hacıqaragüruhçuların hədə-qorxularına son qoymaq üçün Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, İrana, İstanbula nümayəndələr göndərir. Onlar getdikləri şəhərlərin rəsmi din xadimlərindən imzalanmış və möhürlənmiş sənəd gətirirlər ki, Qurani-Kərimdə qız uşaqlarının təhsil almasnda heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər. Bununla da o, az da olsa cəhalətin ağzını qapaya bilir.
1897-ci ildən Hacı qollarını çırmayıb işə başlayır. Bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. Məktəb açmaq asan məsələ deyildi. İcazəyə, məktəbin binasınn yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir (Keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində).
Milli Təhsilimizin ilk nümunəsi – qızlar məktəbi
Hacı bu işi memar İ.V.Qoslavskiyə həvalə edir. 0, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul xərcləyir. Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardım edirlər. Yeri gəlmişkən deyək ki, Hənifə xanım məktəbin müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci yoldaşı Sona xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər.
Nəhayət, o tarixi gün gəlir. Düz 130 il öncə - 1901-ci ilin bir payız səhərində bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. “Kaspi” qəzeti həmin hadisəni belə təsvir edərək yazırdı: “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: “Çox yaşa Hacı!”.
Məktəbin şərtlərinə görə, qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə almaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri də keçilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır. Müsəlman Şərqində yaradılan ilk qız məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Keyfıyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunur, qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı, yaraşıqlı uniforma geyinirdilər. Qeyd edək ki, rus-bolşevik işğalından sonra sovet məktəblərinin geyimi də buradan götürülmüşdü. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu məhdudlaşdırır.
Milli Təhsilimizin ilk nümunəsi – qızlar məktəbi
Məktəbin nüfuzu getdikcə artır, yeddi yaşına çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının məktəbinə gətirirdilər. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur.
Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Tağıyevin Qızlar gimnaziyasının böyük rolu olmuşdur. Bu məktəbi bitirən onlarca azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edir,
Cümhuriyyət fəallarından olurlar. Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda “Qadın Xeyriyyə Cəmiyyəti”ni yaradan Liza Muxtarova və onlarla başqaları.
Böyük mesenat Hacı Zeynalabdin Tağıyev milləti üçün açdığı işıqlı yolu Azərbaycan Xalq Cümhuriyyəti hökuməti davam etdirdi. Cümhuriyyət parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərdən birini - 1918- ci il 27 iyun tarixli qərarı qəbul etdi. Qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarını həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanları, məhkəmə işi və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, son qəpiyini də əsirgəmirdi.
Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə rus şöbələri açılır və burada Azərbaycan dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər.
Xalq təhsilini milli möhkəm zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac var idi. O dövrd ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün deyildi.
Bu vəzifəni yerinə yetirmək üçün başlıca yol Türkiyədən müəllim kadrları dəvət etmək və qısamüddətli kurslarda Azərbaycan dilində savadlı olan şəxslərdən müəllim kadrları hazırlamaq idi. 1918-ci il iyulun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul edir. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarifi Nazirliyinə tövsiyə olunur. Millətinin hər dərdinə əlac hesab edilən Hacı yenə də xeyir işinin başındadır. Cümhuriyyət qurucuları həm onun təcrübəsindən, həm də maddi dəstəyindən yararlanırdılar.
Milli Təhsilimizin ilk nümunəsi – qızlar məktəbi
Tədris müəssisələrinin milliləşdirilməsi və genişləndirilməsini daha uğurla həyata keçirmək üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafıq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olunur. Hökumətin qərarına görə bu məqsədlə Xalq Maarifı Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılır. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılır. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alırdı. Kursları bitirənlərin demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. Cümhuriyyət hökuməti dərs vəsaitlərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün maarif nazirliyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919- cu ildə “Türk əlifbası”, “Təzə elmi hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarif və ədəbiyyatının görkəmli nümayəndələri Firidun bey Köçərli, Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bey Cəbrayılbeyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilinde yeni kitablar almaq üçün Xalq Maarifı Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrılır.
Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası kişi müəllimlər seminariyasına çevrildi. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi.
Milli Təhsilimizin ilk nümunəsi – qızlar məktəbi
Cümhuriyyət rəhbərləri artıq ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması barədə düşünürdülər. Xalq Maarifi Nazirliyi qarşısında üç ali məktəbin - Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı İnstitutunun və Dövlət Konservatoriyasının açılması kimi mühüm vəzifə dururdu. Lakin o dövrdəki tarixi şərait yalnız 1919-cu ildə yalnız bir ali məktəbin - Bakı Dövlet Universitetinin açılmasna imkan verdi.
Ömründə heç bir xüsusi təhsil almamış, imzasını güclə atmağı öyrənmiş H.Z.Tağıyev millətinin maariflənməsinə köməkdən, təhsilin və mədəniyyətin inkişafına köməkdən mənəvi rahatlıq tapırdı. Onun haqqında 12.02.1908-ci ildə “Tazə həyat” qəzetində yazılan “Mənim təcrübəmdən” adlı məqalədə deyir:
“...Xoşbəxtliyimdir, yoxsa Allah vergisidir, deyə bilmərəm nə ilə bağlayım?
Lakin mənim ən çox sevdiyim iş sənaye işimlə bağlı, mən hesab edirəm ki, bundan da artıq məni öz xalqımın məsələləri, onun gələcək xoşbəxtliyi və həyatının davamı məşğul edir. Bu məqsədə nail olmaq üçün mən belə hesab edirəm ki, xalqımın tərbiyəsi (təhsili) və maariflənməsi lazımdır. Xalqımın maarifflənməsi və tərbiyələnməsi (təhsillənməsi) zəruriyyətini görərək mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarifləndirilməsində, böyüklər üçün isə kitab və qəzətlərin nəşrində gördüm. Bu işə qayğı göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi, təhsillə, maariflə bağlıdır...”

RƏSMİYYƏ RZALI


Milli Təhsilimizin ilk nümunəsi – qızlar məktəbi

Oxşar xəbərlər