İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan icması, ADA Universiteti, Azərbaycan Texniki Universitetinin Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “TechArena” platformasının birgə təşkilatçılığı ilə keçirilən düşərgə 2025–2026-cı illər üzrə ICPC-in dörddə bir və yarımfinal mərhələlərinə hazırlıq məqsədi daşıyır.
Düşərgədə Azərbaycan, Belarus və Gürcüstandan olan ali təhsil müəssisələrinin komandaları iştirak edir. Ümumilikdə 14 universiteti təmsil edən 16 komanda arasında Bakı Dövlət Universitetinin “Baku SU” komandası da yer alır. Komandanın tərkibinə tələbələr Nihat Qəribli, Emil Hüseynov, Mirağa Əliyev və komanda rəhbəri (kouç) İsmayıl Zeynalov daxildir.
Düşərgənin əsas məqsədi regionun aparıcı universitetlərindən olan istedadlı tələbələrin proqramlaşdırma sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşviqi və ICPC müsabiqələrinə sistemli hazırlıq imkanlarının yaradılmasıdır.
BDU komandası bu nüfuzlu düşərgədə fəal iştirakı ilə Universitetin ali texniki təhsil və rəqəmsal inkişaf sahəsində regional və beynəlxalq əməkdaşlıqlara verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir.
Tehsil-press.az