Azərbaycan Dillər Universitetində tələbələrlə görüş

Azərbaycan Dillər Universitetində tələbələrlə görüş Aprelin 11-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) görüşü keçirildi. 
Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonağı universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. O, son günlərdə baş vermiş hadisələrlə əlaqədar Azərbaycan ordusunun yenilməzliyindən söz açdı. Gənclərdə vətənpərvərlik hisslərinin güclü olduğunu bildirən professor onların bu xüsusiyyətini müsbət hal kimi qiymətləndirdi. 
Elxan Süleymanov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsi çərçivəsində ilk görüşün məhz ADU-da təşkil olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ölkənin qüdrətinin və xalqın gələcəyinin gənclərdən asılı olduğunu deyən millət vəkili bu layihə çərçivəsində məhz onlarla görüşməyin vacibliyindən söz açdı. 
E.Süleymanov AVCİYA-nın 12 illik fəaliyyəti haqqında məlumat verərək onun əsas xəttinin Qarabağ həqiqətləri, Ermənistanın işğalçı siyasəti, tarix boyu xalqımıza qarşı törədilən soyqırım və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması olduğunu bildirdi. 
Azərbaycan ordusunun hərbi əməliyyatlarda əldə etdiyi qələbələrdən söz açan millət vəkili dövlətimizin öz torpaqlarından və onun azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcəyini söylədi. O, son günlərdə cəbhə xəttində baş verən hadisələrlə bağlı ATƏT, BMT, NATO və digər nüfuzlu təşkilatların, həmçinin 40-a yaxın lider ölkənin bəyanatını diqqətə çatdırdı. 
Petisiyanın əhəmiyyətindən danışan E.Süleymanov məhz bunun vasitəsilə Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamənin Ağ Evin saytında dünyaya çatdırıldığını vurğuladı. Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirildi. 
AVCİYA-nın nümayəndəsi İradə Yaqubova səsvermənin qaydaları haqqında ətraflı məlumat verdi. 
İctimaiyyətlə əlaqələr departamenti

tehsil-press.az

Oxşar xəbərlər