İsrailə hücumun arxasındakı gizli qüvvə – Bakı və İrəvanı toqquşduran güc hərəkətə keçir

İsrailə hücumun arxasındakı gizli qüvvə – Bakı və İrəvanı toqquşduran güc hərəkətə keçir İran-İsrail münasibətlərinin gərginləşməsi fonunda diqqətçəkən məqamlardan biri də Azərbaycanın prosesə münasibətinin necə olacağıdır. Bir tərəfdə qonşu ölkə İran, digər tərəfdə isə müttəfiqimiz İsrail. Onların arasındakı qarşıdurmanın hərbi toqquşma həddinə çatması rəsmi Bakının uyğun manevr edib-edə bilməyəcəyi ilə bağlı suallar yaradır.

Bakı üçün manevr imkanları daralırmı? Tərəfsizliyimizi axıra kimi qoruya biləcəyik?

Mövzu ilə bağlı danışan VI çağırış Milli Məclis deputatı Hikmət Babaoğlu deyib ki, Yaxın Şərqdə hadisələrin get-gedə daha dramatik hal alması region ölkələrinin heç biri üçün yaxşı perespektiv vəd etmir:

“Ancaq tarixə nəzər salasaq görərik ki, əslində bu regionda heç vaxt münasibətlər sadə olmayıb.

Cəmi bir il əvvəl biz İsrail və ərəb ölkələri arasında Böyük İbrahim anlaşması, İsrail prezidentinin Türkiyəyə tarixi səfər edəcəyi haqqında danışdığımız halda birdən-birə müharibə ilə üz-üzə qaldıq. Deməli, hansısa üçünücü iradə regionda sülhün və əməkdaşlığın olmasını öz hegemon maraqlarına zidd hesab edərək İsrailə hücumu təşkil edən qruplaşmaların və onları dəstəkləyən ölkənin yardımı ilə regionda yeni müharibə başlatdı. Çünki Ermənistan və Azərbaycan arasında mümkün sülhü, kommunikasiyaların açılmasını, böyük barış dövrünü həmin ölkə öz xalqlar həbsxanasına təhdid hesab edirdi.

Ona görə də biz məsələyə göründüyü kimi yox, onun alt məntiqinin izah etdiyi kimi baxmalıyıq. Belə vəziyyətdə şübhəsiz ki, ölkəmizi də əlaqədar edən bir çox strateji məsələlər ortaya çıxır. Fikrimcə, rəsmi Bakı bütün bunları görüb və düzgün qiymətləndirmək imkanlarına sahibdir. Çünki bu günə qədər tamamilə doğru mövqedən çıxış edib. Əminəm ki, bundan sonra da region ölkələrinin heç biri ilə ənənəvi dostluq və qardaşlıq münasibətlərinə kölgə salmadan bu siyasətini davam etdirə biləcək”.

Politoloq Kənan Rövşənoğlu isə məsələyə belə münasibət bildirib:

“Böyük müharibə olsa, İranla qonşu ölkə olaraq Azərbaycan ciddi ziyan görəcək. Müharibənin birbaşa fəsadını kənara qoyuram, ekoloji fəlakət, qaçqınlar, ticarət, iqtisadiyyat, nəqliyyat yollarının sıradan çıxması fəlakət vəd edir. Yəni normal, ağlı başında olan hər kəs bu müharibənin Azərbaycana böyük zərəri olacağını anlayır. Tərəfsiz olmaq, müharibənin mümkün təsirlərindən kənarda qalmaq Azərbaycan hakimiyyətinin, diplomatiyasının məharətinə bağlı olan məsələdir. Əlbəttə, Bakı müharibəyə qarışmaq istəmir, doğru seçim də budur. Çünki bu kimi müharibələrdə tərəf olmaq Azərbaycan kimi kiçik ölkəyə ciddi zərər vura bilər”./Globalinfo.az

Tehsil-press.az

Oxşar xəbərlər