Bank borcunu ödəyə bilməyənlərin nəzərinə

Bank borcunu ödəyə bilməyənlərin nəzərinə Vətəndaşlar bəzən bank borclarından azad olmaq üçün müflislik yoluna müraciət edirlər. Bəs bu proses necə baş verir?

Bank məsələləri üzrə ekspert Emin Kərimov açıqlamasında bildirib ki, ilk növbədə iflas olma ilə müflis olmanı ayırmaq lazımdır. O qeyd edib ki, müflis olma hüquqi və fiziki şəxsin öz borclarını ödəmə qabiliyyətini itirməsi vəziyyətidir:

“Yəni standart bankrotluqdur. Məsələn, siz bir geyim və ya ayaqqabı mağazası açmısınız, xaricdən məhsul gətirmisiniz, amma satış yoxdur. Eyni zamanda icarə, kommunal xərclər, vergilər və digər ödənişlər qalır. Gəlir olmadığından bu xərcləri ödəyə bilmirsiniz və nəticədə müflis olursunuz. İflas olma isə məhkəmə qaydasında rəsmi şəkildə təsdiqlənmiş haldır. Bu zaman həm kreditor, həm də debitor borclarının ödənilməsi üçün müəyyən vaxt verir. Bu da məhkəmə qərarından asılı olur, yəni möhlət verilirsə, hansı şərtlərlə verilir, borclu olduğunuz şəxslər buna necə reaksiya verirlər və s. Ümumilikdə, iflas və müflislik sizin ödəniş qabiliyyətinizin aşağı düşməsi, xərclərin artması, gəlirlərin azalması və nəticədə iqtisadi sferadan çıxmağınız, tənəzzülə uğramağınız deməkdir”.

E.Kərimovun sözlərinə görə, bank sektorunda iflas prosesi adətən 5 ildən 10 ilə qədər davam edir:

“Məsələn, hər hansı bir bank iflasa uğradıqda, onun lisenziyası Mərkəzi Bank tərəfindən ləğv olunur, ləğvetmə komissiyası yaradılır və həmin bank “ləğvetmədə olan bank” statusu alır. Bu müddətdə bankın kreditor borcları qaytarılır, kreditlərdən daxil olan vəsaitlərlə depozitlər ödənilir. Bütün borclar və öhdəliklər tam bağlandıqdan sonra bankın əmlakı satılır və bank fəaliyyətini rəsmən dayandırır. Təşkilatlarda bu proses adətən daha qısa olur. Onlar müqavilə və sazişlər əsasında yaranmış öhdəlikləri müəyyən müddət ərzində icra etməyə çalışırlar. Müflislikdən sonra isə yenidən formalaşma mümkündür. Məsələn, şirkət aktivlərini bərpa edə, yeni investor və ya təsisçi cəlb edə, holdinq tərkibində və ya yeni biznes planla fəaliyyətini davam etdirə bilər”.

Ekspertin sözlərinə görə, vətəndaşların müflis elan olunması hüquqi məsələdir. Əgər şəxs uzun müddət işləmir, rəsmi gəliri yoxdur və borc öhdəliklərini yerinə yetirə bilmirsə, məhkəmə onu müvəqqəti olaraq müflis elan edə bilər:

“Məsələn, şəxs 6-9 ay ərzində işsiz qalır, yalnız dövlətin verdiyi işsizlik müavinətini alır və borclarını qaytara bilmir. Bu halda məhkəmə müəyyən müddətlik möhlət verir. Şəxs yenidən işə başlayanda, əmək müqaviləsi və ya VÖEN açdıqda, gəlir mənbəyi bərpa olunduqda, məhkəmə icraçıları onun vəziyyətini yenidən qiymətləndirir və borc öhdəliklərinin ödənilməsini tələb edə bilirlər”.

Tehsil-press.az

Oxşar xəbərlər