Ömər Eldarov: "Anarın heykəlini hazırlayıram, özü müraciət etdi" - MÜSAHİBƏ

Ömər Eldarov: Xalq rəssamı, heykəltaraş, “Şərəf”, “İstiqlal”, “Heydər Əliyev” ordenləri ilə təltif olunmuş Ömər Eldarov suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ömər müəllim, bir heykəltaraş kimi hazırkı yaradıcılıq mərhələnizdə üzərində çalışdığınız heykəl haqqında məlumat verə bilərsinizmi? Bu layihənin mövzusu və ideya xətti nədən ibarətdir?

- Hazırda yazıçı Anar Rzayevin portretini hazırlayıram. Özü mənə müraciət etdi ki, istəyirəm portretimi hazırlayasınız. Onun portretlə bağlı öz ideyaları var. İş tam hazır olmadığına görə sizə təqdim edə bilmirəm.

- Sizin yaradıcılığınızda portret janrının xüsusi yer tutmasının səbəbləri nədir?

- Portret janrının müxtəlif formaları var. Monumental iş də portret janrına aiddir, şəhərimizdə belə nümunələr az deyil. Ümumi götürsək, portret çox geniş və mürəkkəb sahədir. Amma biz bu mürəkkəbliyin öhdəsindən tam şəkildə gəldik. Portret yaratmaq üçün adətən natura ilə işləmək üstün tutulur. Natura ilə işləmək isə sənətçiyə çoxsaylı bədii material toplamağa imkan verir.

Amma naturasız da portret işləmək mümkündür. Əvvəlcə etüd hazırlanır, bu, sənədli materiala çevrilir və sonrakı mərhələdə heykəltəraşlıq prosesinin əsasını təşkil edir.

- Memorial heykəllərinizdə insan xarakterini açmaq üçün hansı bədii təsvir vasitələrdən istifadə edirsiniz?

- Yaradıcılığımda memorial heykəllər xüsusi yer tutur. Onların sayı çoxdur və mənim üçün son dərəcə əhəmiyyətlidirlər.

- Yaratdığınız heykəllərdə milli üslub elementləri hansı şəkildə özünü göstərir? Xüsusilə nələrə diqqət edirsiniz?

- Bu, işdən və mövzudan asılıdır.

- Müsahibələrinizdən birində ulu öndər Heydər Əliyevin gənclik illərində rəssam olmağa böyük maraq göstərdiyini qeyd etmisiniz. Bu haqda danışmağınızı istərdik.

- Bəli, Heydər Əliyevin gənclik arzularından biri rəssam olmaq idi. O, çox böyük şəxsiyyət, hərtərəfli, geniş dünya görüşünə malik, ünsiyyətdə səmimi və olduqca çevik idi. İnsanlarla asanlıqla dialoq qurur, zarafat etməyi bacarırdı. Belə keyfiyyətlərə malik insanlar çox az olur.

Son dərəcə sadə və təvazökar idi, rəssamlarla yaxın münasibət saxlayırdı. Məktəb illərində rəssam olmağı arzulasa da, həmin dövrdə Rəssamlıq Akademiyası olmadığı üçün memarlıq fakültəsində təhsil alıb. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Memarlıq rəssamlığa yaxın sahədir.

İki il orada təhsil aldıqdan sonra müharibə başlayıb və təhsilini başa vura bilməyib. Onun rəssamlara olan sevgisi və yaxınlığı ömrü boyu davam etdi. Üstəlik qardaşı Hüseyn Əliyev də tanınmış fırça ustası, Xalq rəssamı idi.

- Heydər Əliyevlə yaxın dostluq münasibətləriniz olub, görüşlərinizdə daha çox hansı mövzular ətrafında fikir mübadiləsi aparırdınız?

- Heydər Əliyevlə görüşlərimiz çox olub. Əminliklə deyə bilərəm ki, Heydər Əliyev dərin düşüncəli, hər şeyi aydın və dəqiq dəyərləndirə bilən bir insan idi. Son dərəcə sadə və səmimi idi, sənətə böyük qiymət verirdi. Tez-tez rəssamalarla görüşür, sərgilərə gəlirdi. Rəssamlar İttifaqının iclaslarında iştirak edirdi. Onu da qeyd edim ki, Rəssamlıq Akademiyası Ulu öndərin təşəbbüsü və sərəncamı əsasında yaradıldı.

- Rəssamlıq Akademiyasının ilk rektoru siz oldunuz. Hazırda akademiyanın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Rəssamlıq Akademiyasının 2001-2023-cü illərdə rektoru mən olmuşam. Çox mürəkkəb, ağır dövr idi. Arada indi də Rəssamlıq Akademiyasına gedirəm, gənclərimizin əl işləri ilə tanış oluram. Tələbələr məni çox emosional qarşılayırlar. Hətta bir dəfə bir qızın göz yaşlarını gördüm. Bu, mənə təəccüblü gəldi, çünki ilk dəfə belə bir hadisə yaşadım. Bilmirəm həmin xanım tələbə idi, yoxsa akademiyada çalışırdı.

- Akademik Zərifə Əliyevanın abidəsini də siz hazırlamısınız...

- Bəli, o zaman Zərifə Əliyevanın səhhətində problem var idi. Heydər Əliyev Moskvada idi və məni yanına çağırdı. O vaxt danışmaqda çətinlik çəkirdi, çox həyəcanlı idi. Həmin an böyük bir dövlət xadiminin necə dərin kədər yaşadığını gördüm. Zərifə xanımı çox sevirdi və Zərifə xanım da Heydər Əliyevə böyük sevgi ilə bağlı idi. Heydər Əliyev mənə dedi ki, xahiş edirəm, Zərifə Əliyevanın heykəlini hazırlayın. Əvvəl eskizləri göstərin, sonra isə abidə üzərində işləyin.

Bir neçə variant təqdim elədim, Heydər Əliyev abidə hazırlanması variantı üzərində dayandı. O, istəyirdi ki, Zərifə xanım dövlət qadını kimi təqdim edilsin.

- Ömür səhifənizdə hansı illəri tez-tez xatırlayırsınız?

- Düşünürəm ki, mənim üçün ən zəngin illər uşaqlıq dövrümdür. Uşaq ətrafında hər şeyi ilk dəfə görür, hər təcrübəyə dərin emosiyalarla reaksiya verir. Hər an onun üçün yeni və maraqlıdır. Uşaqlıq illərim yaddaşımda xüsusi yer tutur və mənə çox sevimli gəlir.

- Sizin tərcümeyi-halınızda Dərbənddə doğulduğunuz qeyd olunur. Uşaqlıq illəriniz orada keçib. Dərbəndə gedirsinizmi?

- O vaxt bizim ailə Naxçıvanda yaşayırdı, mən də Naxçıvanda anadan olmuşam. Daha sonra atam Dərbəndə gedib. Dərbənddə anadan olmağım haqqında məlumat səhvdir.

Mən uzun müddətdir Dərbəndə getmirəm, amma bu qədim şəhəri çox gözəl xatırlayıram. Dərbənddə məşhur qala var və oradan şəhərə möhtəşəm divarlar uzanır. Qalanın tarixi və şəhər memarlığı hələ də insanları heyrətləndirir.

- Yaradıcılıq illərinizin hansı dövrünə qayıtmaq istərdiniz?

- Həmişə deyirəm ki, əlimdə olan bütün işləri başa çatdırmağa həmişə vaxt tapmışam. Kaş həmin illərə qayıdıb daha da çox işləyə bilərdim.

Mən heykəltaraşlıqla altı yaşımdan məşğul olmağa başlamışam. Anam məni bir məktəbə apardı. O vaxt heykəltaraşlıqla demək olar ki, heç kim məşğul olmurdu.

Bizə dedilər ki, rəngkarlıq şöbəsində yer yoxdur, gələn il müraciət edərsiz. Bir xanım yaxınlaşıb dedi ki, rəngkarlıqda yer olmasa da, heykəltaraşlıq şöbəsində boş yer var. Görürəm, çox istedadlı oğlansan, heykəltaraşlıqla məşğul olarsan. Bir gün öz şəhərində öz heykəllərini düzəldərsən, meydana qoyarsan. Sonra o meydana gedib deyərsən ki, bunu mən yaratmışam.

O xanımın sözləri mənə stimul verdi, elə o gündən heykəltaraş olmağı qərara aldım.

- İlk heykəlinizi kimin üçün yaratdınız və bu işdən aldığınız ilk qonorar nə qədər idi?

- İlk dəfə Giuseppe Qaribaldinin heykəlini yaratmışam. Qaribaldi o zaman çox məşhur inqilabçı idi. İlk məvacibim isə yadımda deyil.

- Bir heykəlin hazırlanması üçün nə qədər vaxt tələb olunur?

- Hər biri fərqli zaman tələb edir. Mən işə başlamazdan əvvəl qəhrəmanımın bioqrafiyasını araşdırır, yaxınları ilə danışır və mümkün qədər çox məlumat toplamağa çalışıram. Məqsədim onun xarakterini dərindən anlamaq və heykəli məhz bu xüsusiyyətlərə uyğun yaratmaqdır. Bütün bu hazırlıq mərhələsindən sonra iş prosesinə başlayıram.

- Bir çox tarixi şəxsiyyətlərin obrazını yaratmısınız. Onların hər biri fərqli həyat yolu və xarakter daşıyır. Sizin üçün hansı şəxsiyyətin həyat tərzi ən gözlənilməz və ya ən təsirli olub?

- İndra Qandinin heykəli üzərində işləyirdim. Onun həyat yolu çox çətin keçib. Hindistanda qadınların hüquqlarını müdafiə edən şəxsiyyət kimi böyük maneələrlə üzləşib. Bax onun həyatı məni çox təəccübləndirib.

Hər bir insanın özünəməxsus və çoxqatlı həyat hekayəsi olur, heykəl üzərində çalışarkən bu talelərin hər biri sənətkara ayrıca təsir göstərir.

- Emalatxananızda Mustafa Kamal Atatürkün heykəlini də görürürük...

- Mustafa Kamal Atatürkün Bakıda qoyulan heykəlinin müəllifi mənəm. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələndə mənimlə görüşdü və heykəl haqqında xoş sözlər bildirdi. Birlikdə şəkillərimiz də var. İhsan Doğramacısının heykəlini də yaratmışam. Bu heykəli Heydər Əliyev sifariş etmişdi. O zaman özü də sağ idi və açılışda iştirak etmişdi.

- Hazırda gününüzün neçə saatını yaradıcılığa ayırırsınız? Asudə vaxtlarınızda nələrlə məşğul olursunuz?

- Daha çox tədbirlərə gedirəm. Hava soyuq olanda emalatxanada çox işləyə bilmirəm, amma çalışıram, nəsə edim, əlim gilə dəysin.

- Gələcək üçün nə kimi arzularınız var?

- Ev muzeyimin yaradılmasını arzu edirəm. Bu barədə Prezidentin köməkçisi Anar Ələkbərova məlumat vermişik. Mən əvvəlcə öz emalatxanamda yerləşdirməyi təklif etdim, amma Anar Ələkbərov hər kəsə əlçatan olsun deyə muzeyin Dənizkənarı parkda açılmasını tövsiyə etdi.

- Öz portretinizi yaratmağı düşünürsünüzmü?

- Xeyr. Məndən bu haqda bir neçə dəfə soruşublar, demişəm ki, istəmirəm.

- Övladlarınız arasında sizin yaradıcılıq sahənizə maraq göstərən olubmu?

- Oğlum Müslüm Eldarov heykəltaraş idi, uzunsürən xəstəlikdən 47 yaşında vəfat etdi. İki qızım var, biri rəssamdır, biri isə sənətşünas. Nəvələrim xaricdə yaşayırlar.

- Necə düşünürsünüz, uzunömürlü olmağınızın əsas sirri nədir?

- Axırda belə qərara gəldim ki, həyatda ən vacibi sağlam olmaqdır. Sağlamlıq varsa, hər şey olacaq. Hər kəsə sağlamlıq arzu edirəm. Gələn ay 98 yaşım olacaq. Bu ömrü mənə Allah qismət edib.

Mənim üçün hələ axşam deyil, mən hələ yaşayacam...

Tehsil-press.az

Oxşar xəbərlər