Azərbaycan Universiteti ilə Mərkəzi Asiya Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Universiteti ilə Mərkəzi Asiya Universiteti arasında  əməkdaşlığa dair memorandum imzalanıb Azərbaycan Universiteti ilə Özbəkistanın Mərkəzi Asiya Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və Mərkəzi Asiya Universitetinin rektoru Kamran Gulamov imzalayıblar.

İmza mərasimindən əvvəl nümayəndə heyətləri arasında görüş olub. Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, Mərkəzi Asiya Universitetinin Elmi-tədqiqat və innovasiyalar üzrə prorektoru Şirin Yunusovanın da iştirak etdiyi görüşdə tərəflər tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, ikili diplom proqramlarının həyata keçirilməsi, digər akademik və elmi əməkdaşlıq istiqamətləri, o cümlədən memorandumdan irəli gələn məsələlərin icrasına dair fikir mübadiləsi aparıblar.

Anlaşma memorandumu Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Quacquarelli Symonds” (QS) qlobal reytinq və qiymətləndirmə agentliyinin təşkilatçılığı, Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən “QS Avrasiya Forumu 2025” çərçivəsində imzalanıb. Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edib. Sənəd Azərbaycan Universitetinin beynəlmiləlləşmə üzrə əsas prioritetlərini dəstəkləyir, xarici ali təhsil müəssisələri ilə tərəfdaşlığın, birgə tədris və araşdırma fəaliyyətlərinin, eləcə də tələbə və müəllim mübadiləsinin daha sistemli şəkildə təşkilinə şərait yaradır.

Qeyd edək ki, 2019-cu ildə təsis edilən Mərkəzi Asiya Universiteti Özbəkistanın ən dinamik inkişaf edən özəl ali təhsil müəssisələrindən biridir. Universitet tibb, stomatologiya, biznes, mühəndislik, turizm və digər yüksək tələbatlı sahələr üzrə beynəlxalq akademik proqramlar təklif edir. Müasir kampus infrastrukturu, beynəlxalq təcrübəyə malik müəllim heyəti və praktik yönümlü tədris modeli Mərkəzi Asiya Universitetini regionun tələbələri üçün cəlbedici ali təhsil mərkəzinə çevirir.

Tehsil-press.az

Oxşar xəbərlər