Tələbələr Gənclər Fondunun yeni layihələri barədə məlumatlandırılıb

Tələbələr Gənclər Fondunun yeni layihələri barədə məlumatlandırılıb Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşü olub.
Görüşdə BDU-nun rektoru Elçin Babayev universitet tələbələrinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirib. Diqqətə çatdırılıb ki, ölkənin ali məktəbləri arasında ilk dəfə BDU-da gənclər siyasəti ilə əlaqədar şöbə yaradılıb. Bu şöbə bütün gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. BDU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı kimi qurumlarla yanaşı, ali məktəblər arasında ən çox üzvə malik “BDU Könüllüləri” təşkilatı da var. BDU tələbələri Xankəndi-Laçın yolunda keçirilən aksiyada da fəal iştirak edirlər. Ermənistanın Qarabağdakı ekoloji terroruna qarşı keçirilən aksiyaya indiyədək BDU-nun 500-dək tələbəsi qoşulub.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, fond fəaliyyəti dövründə minlərlə tələbəyə müxtəlif istiqamətlərdə maliyyə yardımları göstərib.
O, Gənclər Fondunun əsas prioritetləri və gələcəkdə həyata keçirəcəyi yeni layihələri barədə tələbələrə məlumat verib, fondun yaxın vaxtlarda ABŞ və Avropanın aparıcı universitetlərində qısamüddətli təhsil proqramlarına başlayacağını bildirib. Qeyd edilib ki, işğaldan azad edilən ərazilərdə artıq fond tərəfindən könüllülük kamplarının yaradılmasına başlanılıb.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər