Nazir: Azərbaycan Çex Respublikasının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir

Nazir: Azərbaycan Çex Respublikasının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir Azərbaycan və Çex Respublikası xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində əlaqələrimizin ikitərəfli müstəvidə fəal siyasi dialoqun qurulması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, siyasi, iqtisadi, elmi, mədəni və digər humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində irəlilədiyini bildirib. Bu xüsusda, nazir Azərbaycanın Çex Respublikasının enerji siyasətinə əhəmiyyətli töhfələrinin məmnunluq doğurduğunu qeyd edib.
Məktubda 2015-ci ildə Strateji Əməkdaşlığa dair Birgə Bəyannamənin imzalanması ilə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. E.Məmmədyarov qeyd olunan Bəyannamənin Azərbaycan-Çex münasibətlərinin daha da dərinləşdirilməsi üçün yeni perspektivlər yaratdığını qeyd edərək orada müəyyənləşdirilmiş məqsədlərin növbəti illərdə uğurla reallaşacağına dair əminliyini ifadə edib.
E.Məmmədyarov Çex Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair prinsipal mövqeyinə görə minnətdalığın bildirib.
Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek nazir Elmar Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətləri təqdir edib. Həmçinin məktubda Azərbaycanın Çex Respublikasının mühüm tərəfdaşı olduğu və ölkəmizin Çex Respublikasının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.
Nazir L.Zaoralek ikitərəfli münasibətlərin dinamik inkişafından məmnunluq hissi keçirdiyini və Strateji Tərəfdaşlıq Bəyannaməsinin bu münasibətlərin daha da dərinləşməsinə mühüm təkan verdiyini bildirib. Həmçinin, nazir bu müsbət qayənin gələcəkdə də davam edəcəyinə və iki ölkə arasında əməkdaşlığın qarşılıqlı maraq kəsb edən bütün sahələrdə güclənəcəyinə əminliyin ifadə edib.

Tehsil-press.az

Oxşar xəbərlər