Xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntı daha intensiv xarakter alıb. Paytaxt və aran rayonlarında isə hava əsasən soyuq və küləkli keçir. Qısa zaman kəsiyində müşahidə olunan bu dəyişkənlik fevral ayı üçün xarakterik sayılsa da, insanlar arasında havanın qeyri-sabitliyi ilə bağlı suallar yaradıb.
Məsələ ilə bağlı danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycan coğrafi baxımdan mülayim subtropik qurşaqda yerləşir və hazırda müşahidə olunan hava şəraiti qış fəslinin təbii xüsusiyyətlərinə tam uyğundur:
"Qış aylarında havanın sərin, soyuq, küləkli, bəzən yağıntılı, bəzən isə günəşli keçməsi normal atmosfer prosesidir və bunu fövqəladə hal kimi qiymətləndirmək düzgün deyil. Qış fəslinin öz xarakteri var. Təbiət bu dövrdə sanki istirahət edir, vegetasiya prosesi zəifləyir və yaz mövsümünə hazırlıq mərhələsi gedir. Torpaq, bitkilər, ağaclar müəyyən mənada "yatmış" vəziyyətdə olur. Bu mərhələ təbii dövran üçün vacibdir”.
Ekoloq vurğulayıb ki, qışın normadan artıq isti keçməsi əslində daha böyük risklər yarada bilər:
“Əgər yanvar-fevral aylarında temperatur yüksək olsa, ağaclar tez oyanar, tumurcuqlar açılar. Lakin mart ayında qəfil soyuqlar və şaxtalar qayıdarsa, bu zaman çiçəklər məhv olar, nəticədə meyvə məhsuldarlığı ciddi zərər görər. Ona görə də qışın müəyyən qədər soyuq keçməsi kənd təsərrüfatı baxımından da vacibdir”.
Onun sözlərinə görə, hazırda mənfi temperatur əsasən Naxçıvanda, dağlıq və yüksək ərazilərdə, eləcə də Qarabağ və Zəngəzur bölgələrində qeydə alınır:
"Ölkənin digər hissələrində isə temperatur əsasən müsbət 4-8 dərəcə intervalında dəyişir. Paytaxt Bakıda temperatur bəzi günlər 0 dərəcəyə qədər enir, ötən ay isə qısamüddətli mənfi göstəricilər də müşahidə olunub. Hər fəslin öz funksiyası və öz gözəlliyi var. Təbiətin bu dövri dəyişiklikləri həyatın davamlılığı üçün zəruridir".
"Yaxın həftələrdə havanın tədricən mülayimləşməsi gözlənilir. Mart ayında isə dəyişkən, əsasən mülayim və yağıntılı hava şəraiti müşahidə oluna bilər. Nisbətən havalar mart ayından sonra isinməyə başlayacaq, yayda isə digər illərdə hiss olunduğu kimi temeperatur norması isti isti olacaq", - deyə ekspert qeyd edib..
Tehsil-press.az











