Akademik: Arxeoloji informatika sahəsində multidissiplinar tədqiqatlar aparılmalıdır

Akademik: Arxeoloji informatika sahəsində multidissiplinar tədqiqatlar aparılmalıdır Arxeoloji informatika sahəsində multidissiplinar tədqiqatlar aparılmalıdır.
Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Rəyasət Heyətinin iclasında “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda aparılan müzakirələr zamanı səsləndirib. O, arxeologiya sahəsində çalışan alim və mütəxəssislərin çətin və gərgin iş şəraitində fəaliyyət göstərdiklərini qeyd edərək, Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji tədqiqatları, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.
Akademik Rasim Əliquliyevin sözlərinə görə, Azərbaycan arxeologiyasının dünya arxeologiya elminin tərkib hissəsinə çevrilməsi, bu sahədə fəaliyyət göstərən alimlərimizin apardıqları elmi tədqiqatların dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarda əksini tapması üçün yeni təhsil standartları işlənilməlidir: “Arxeologiya sahəsində keyfiyyətli təhsil proqramlarının hazırlanması üçün müvafiq qurumlara müraciət etmək, bu sahədə müasir dövrün çağırışlarına uyğun, yüksəkixtisaslı kadrlar yetişdirmək lazımdır”.
Dünya arxeologiya elmində rəqəmsal arxeologiya, virtual arxeologiya kimi tədqiqatların vüsət aldığını deyən alim AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda da bu istiqamətdə araşdırmalar aparılmasının vacibliyini qeyd edib. O, arxeoloji tədqiqatlar zamanı informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadənin son dərəcə zəruri olduğunu diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti dünyanın inkişaf etmiş ölkələrində arxeologiya elminin dəqiq elmlərin tədqiqat obyekti olduğunu söyləyərək, bu sahə üzrə bakalavr və magistratura pillələrində tədrisin həyata keçirildiyini bildirib. Alim AMEA-da da arxeoloji informatika üzrə magistratura pilləsinin təşkilinin vacibliyini qeyd edib.
Rasim Əliquliyev Arxeologiya və Etnoqrafiya İnstitutunda Arxeoloji informatika şöbəsinin yaradılmasının, burada multidissiplinar tədqiqatlar aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb. O, belə tədbirlərin həyata keçirilməsinə lazımi kömək göstərməyə hazır olduğunu bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər