Azərbaycanla Özbəkistan arasında elmi əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Özbəkistan arasında elmi əməkdaşlıq imkanları müzakirə edilib AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Özbəkistanın Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi Baxram Qayıpov və səfirliyin üçüncü katibi Otabek Ramazanov ilə görüş keçirilib.
Görüşdə səfirliyin əməkdaşları Özbəkistan-Azərbaycan mədəni əlaqələrinin inkişafından, bu əlaqələrə təkan verən elmi araşdırmaların önəmindən danışıblar. Baxram Qayıpov Teymurilər dövlətinin banisi Əmir Teymurun Azərbaycanla bağlı izlərinin üzə çıxarılmasına dair fikirlərini söyləyib.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov Azərbaycan-Özbəkistan mədəni və elmi əlaqələrinin inkişafının vacibliyindən söz açıb.
Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri Güllü Yoloğlu isə Novruz bayramı ilə bağlı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda keçiriləcək “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq konfrans haqqında məlumat verib.
Tədbirin sonunda institutun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov Azərbaycanla Özbəkistan arasında gözlənilən mümkün elmi istiqamətlərdən danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər