Şəkidə beynəlxalq festival başlayır

Şəkidə beynəlxalq festival başlayır Musiqi festivalı 5 gün davam edəcək.

Bu gün 7-ci Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı işinə başlayır. Festivalda ilk dəfə olaraq Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saxa-Yakutiya, Tuvan və Türkmənistanın tanınmış musiqi ifaçılarının təmsil olunduğu TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə türkdilli ölkələrlə yanaşı, Yaponiya və İran İslam Respublikasının tanınmış musiqi və rəqs kollektivlərinin çıxışları da olacaq.
Konsert proqramlarının ənənəvi olaraq Şəkinin qoruq ərazisində tarixi memarlıq abidələrinin qarşısında keçirilməsi planlaşdırılır. Qoruq ərazisindəki yay teatrında isə İstanbul Şəhər Bələdiyyəsinin tanınmış Anadolu türk xalq mahnı və rəqs ansamblının konserti gözlənilir.
ANS Müstəqil Yayım və Media Şirkəti, "Green Factory" MMC, "Nadeshiko" Azərbaycan-Yaponiya mədəni əlaqələri İctimai Birliyi və “Avromed” şirkətinin sponsorluğu ilə baş tutacaq beynəlxalq musiqi festivalı 5 gün davam edəcək.




Tehsil-press.az

Oxşar xəbərlər