Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilib

Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilib Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalına yekun vurulub. Bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında konsert proqramı keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak edib.
Hər il ənənəvi olaraq təşkil edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirməkdən ibarətdir.
Konsertdə incəsənətin müvafiq janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış ediblər.
İki mərhələdə keçirilən festivalda 24 ali məktəbdən 1000-dən çox tələbə iştirak edib. Qaliblər xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilib.
Münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik edib. Münsiflər heyətinin tərkibində Təranə Muradova, Baba Vəziroğlu, Nailə Mirməmmədli, Hafiz Quliyev və Samir Cəfərov təmsil olunub.
Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı və diplom təqdim olunacaq.


Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilib

Tehsil-press.az

Oxşar xəbərlər