Dövlət Komitəsinin e-xidmətlərindən 500 mindən artıq istifadə edilib

Dövlət Komitəsinin e-xidmətlərindən 500 mindən artıq istifadə edilib Əmlak Məsələləri Dövlət Komitəsinin elektron və onlayn xidmətlərindən indiyədək 500 min dəfədən artıq istifadə edilib.

Bu barədə Tehsil-press.az-a Komitədən məlumat verilib.
Bildirilir ki, əhaliyə 3-ü SMS xidmətlər olmaqla 31 adda elektron xidmət göstərilir. Xidmətlərin sayının artması və onların getdikcə daha geniş sahələri əhatə etməsi, əhalinin də elektron xidmətlərin üstünlüyünü getdikcə daha çox hiss etməsi bu xidmətlərdən daha aktiv istifadə edilməsi ilə nəticələnir. Komitənin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və ləğvi istiqaməti üzrə 6 elektron xidməti fəaliyyət göstərir.
Əmlakın hərraclarla satışı üzrə 8, daşınmaz əmlak üzərində yüklülüyün qeydiyyatı və ləğvi istiqaməti üzrə 12, dövlət əmlakının idarə edilməsi ilə bağlı 1, informativ tipli 4 elektron xidmət aktivdir. Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət isə imkan verir ki, vətəndaş öz evində və ya iş yerində oturub onlayn qaydada müraciət edərək əmlakının mövcud vəziyyəti ilə tanış olsun. İstənilən hər bir mülkiyyət sahibi bu elektron xidmət vasitəsilə əmlakının hüquqi statusu, onun yüklü (həbs, girov) olub-olmaması, ünvanı, texniki göstəricləri barədə lazım olan bütün məlumatları ala bilər.
Komitənin göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, təqribən 263 mini daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - “Forma-1”in alınmasına aiddir. Statistika göstərir ki, hər ay vətəndaşlara orta hesabla 10 mindən artıq “Forma-1” arayışları onlayn formada təqdim edilir. 2015-ci ilin ilk 4 ayında 37 minə yaxın “Forma-1” arayışı təqdim edilmişdisə, 2016-ci ilin eyni dövründə bu arayışların sayı təqribən 20 faiz artaraq 44 mini keçib. Artımın əsas səbəbi, daşınmaz əmlakla əməliyyatların artması və arayışın alınmasının sadələşdirilməsidir. Eyni zamanda, bu ilin birinci yarısı ərzində “Forma-1” arayışlarının real vaxt rejimində notariuslara verilməsi ilə bağlı daxil olan müraciətlərin sayında da ciddi artım müşahidə olunur. 2016-cı ilin ilk 6 ayı ərzində bu say 62 mindən çox olub.
Komitənin SMS xidmətləri də elektron və onlayn xidmətlər qədər populyardır. SMS xidmətlərdən biri sayəsində vətəndaşa daşınmaz əmlakın qeydiyyatı üzrə müraciətin icra vəziyyəti, digəri vasitəsilə əmlaka dair dövlət reyestrindən çıxarışın hazır olma tarixi, ödəməli olduğu dövlət rüsumu və xidmət haqqı barədə məlumat verilir. 3-cü SMS xidmət isə imkan verir ki, dövlət əmlakını icarəyə götürən vətəndaş icarə borcu haqqında SMS vasitəsilə məlumat alsın. Vətəndaş elektron xidmətlər vasitəsilə müraciət edib lazımi ödənişləri onlayn qaydada apara bilər.
Komitənin göstərdiyi 31 elektron xidmət vətəndaşların daşınmaz əmlakla bağlı həyata keçirmək istədikləri əməliyyatları olduqca rahatlaşdırır, şəffaflaşdırır və operativ edir. Bu xidmətlər təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. Bu xidmətlərin internet üzərindən həyata keçirilməsi iş adamları üçün xüsusilə əlverişlidir.


Tehsil-press.az

Oxşar xəbərlər