“Azərenerji” təmir işlərinin hesabatını açıqlayıb

“Azərenerji” təmir işlərinin hesabatını açıqlayıb Bütün enerji obyektlərində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin xidməti ərazisində yerləşən bütün yarımstansiyalarda və elektrikötürücü xətlərdə mövsümə hazırlıq işləri başa çatıb. Bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətindən Tehsil-press.az-a daxil olan məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, avadanlıqların iş səmərəliyinin artırılması məqsədilə müəyyən əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi sisteminin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. O cümlədən, cari ilin son üç ayı ərzində 110 kV-lik “Binə” yarımstansiyasında 1 saylı 16 MVA transformatorun 110 kV-lik yağ açarı eleqaz açarla əvəz edilmiş, 2 saylı 10 MVA transformatorun isə mühafizə və idarəetmə dövrələri yoxlanılıb.
Hesabat dövründə 110 kV-lik “Ramana” yarımstansiyasında 2-ci, 3-cü və 4-cü “Ramana” hava xətlərinin (HX) xətt ayrıcılarında yeni idarəetmə intiqalları quraşdırılmış, qoşma və açma dövrələri yoxlanılıb. Eyni zamanda 110 kV-lik “Binə” yarımstansiyasında 110 kV-lik I və II bölmələrdə yeni gərginlik transformatorları quraşdırılıb, 110 kV-lik “Qala” və 220 kV-lik “Xırdalan” yarımstansiyalarında isə 110 kV-lik II şin sistemində gərginlik tranformatorları dəyişdirilib. Bütün bunlarla yanaşı 220 kV-lik “Nizami” və 110 kV-lik “Suraxanı” yarımstansiyalarında da müəyyən xətlərin mühafizə və idarəetmə dövrələri yoxlanılıb.
500 kV 2-ci “Abşeron” və 330 kV 1-ci “Abşeron”, 6-cı “Cənub”, 220 kV 4-cü, 5-ci, 6-cı “Abşeron”, 4-cü, 5-ci “Cənub” və 110 kV 1-ci, 2-ci “Binəqədi”, 110 kV 7-ci “Səngəçal”, 1-ci, 2-ci “Xırdalan” HX-lərin dayanıqlığının daha da artırılması məqsədilə həmin bu dövrdə həyata keçirilən işlərdən başqa, xətlərdə titrəyiş söndürücüləri quraşdırılıb, torpaqlama konturları bərpa olunub, məftillər şuntlama üsulu ilə təmir olunub, dartma izolyator zəncirlərində sınıq izolyatorlar dəyişdirilib. Dayaqlarda zədələnmiş xətt armaturları dəyişdirilmiş, metal dayaqlarda künclüklər bərpa olunmuş, məftillərin qabaritləri, xətt armaturları və mühafizə trosunun dayağa bağlanma nöqtələri yoxlanılıb.
Müəssisənin xidməti ərazisində həmin bu dövrdə təmir qrafikinə uyğun əsaslı və cari təmir 110 kV-lik 2-ci “Ələt”, 4-cü “Ramana”, 2-ci “Zığ”, 2-ci “Şimal”, 220 kV-lik “Ağsu”, 2-ci və 3-cü “Hövsan” HX-lərindən də yan keçməyib. Buraya izolyatorların və ya dartıcı izolyator zəncirlərinin dəyişdirilməsi, ildırımötürücü trosların təmir olunması və digər işlər daxildir.


Tehsil-press.az

Oxşar xəbərlər