ADU-da Mahatma Qandinin doğum gününə həsr olunan tədbir keçirildi

ADU-da Mahatma Qandinin doğum gününə həsr olunan tədbir keçirildi Azərbaycan Dillər Universitetində (ADU) universitetin Hindistan Mərkəzinin və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Hindi dili və Mahatma Qandinin doğum günü” nə həsr olunan tədbir keçirildi. Tədbirdə ADU-nun rəhbərliyi ilə yanaşı Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, səfirliyin Dəftərxana müdiri Norbu Negi və V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş hindistanlı nümayəndələr iştirak edirdi.
Tədbirdən öncə qonaqlar universitetin foyesində Mahatma Qandinin şərəfinə açılan sərgidə iştirak etdilər, onun ruhuna hörmət əlaməti olaraq şam yandırdılar. Daha sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov səfir Sanjay Rana başda olmaqla hindistanlı nümayəndələrlə görüşdü. Qonaqları salamlayan professor Dünyamin Yunusov onları ADU-da görməkdən şad olduğunu bildirdi və universitetin tarixi, beynəlxalq əlaqələri, fəaliyyəti haqqında danışdı. ADU-nun öndə gedən universitetlərdən biri olduğunu deyən D.Yunusov universitetə qəbulun ildən-ilə artdığını bildirdi. O, bu il universitetdə təhsil alacaq tələbələrin sayının yeddi mindən çox olduğunu da sözlərinə əlavə etdi. Professor Dünyamin Yunusov ADU-nun əsasən pedaqoji, beynəlxalq və tərcümə sahəsində mütəxəssislər yetişdirdiyini qeyd etdi. O, təhsil müəssisəsində tədris olunan 22 dil sırasında hindi dilinin də yer aldığını vurğuladı. Professor Dünyamin Yunusov universitetdə mövcud olan Hindistan mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək tələbələrin bu dili böyük maraqla öyrəndiklərini sözlərinə əlavə etdi.
ADU-da olmaqdan məmnunluğunu dilə gətirən səfir Sanjay Rana universitetdə Hindistan mərkəzinin fəaliyyətinin və tələbələrin hindi dilinə maraq göstərməsinin sevindirici hal olduğunu bildirdi. O, ADU-da fəaliyyət göstərən Hindistan mərkəzinin daha da inkişaf etməsinə maraqlı olduqlarını, eyni zamanda mərkəz üçün lazım olan kitabların səfirlik tərəfindən təmin ediləcəyini vurğuladı.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi haqqında fikir mübadiləsi aparıldı.
Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra Hindistanın görkəmli siyasi xadimi Mahatma Qandinin doğum gününə həsr olunan tədbirdə çıxış edən professor Dünyamin Yunusov onun insan huquqlarının qorunması fonunda qadın azadlıqlarının təmin olunması istiqamətində misilsiz rol oynadığını, ümumilikdə vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz etdiyini vurğuladı. O, M.Qandinin, ağır vergi siyasətinə qarşı çıxaraq ölkənin iqtisadi baxımdan yüksəlişinə zəmin yaratmaq, müxtəlif dini və etnik qruplar arasında ayrı-seçkiliyə son qoymaq, eyni zamanda Hindistanı müstəmləkə rejimindən xilas etmək istiqamətində böyük təbliğat həyata keçirərək tarixdə özünəməxsus iz qoyduğunu sözlərinə əlavə etdi.
Mahatma Qandinin Hindistan tarixində dəyərli simalardan biri olduğunu söyləyən 2 Oktyabr tarixinin onun şərəfinə “Təmizlik günü” kimi qeyd edildiyini dedi. O, Qandinin vəhşilik, insan əməyinin istismarı və zorakılığına qarşı qəti mübarizə apardığını, həmçinin 70 illik ömrünün çox hissəsini zəif insanın güclülər qarşısında necə mübariz ola biləcəyini göstərdiyini və yolunun çox çətin olmasına baxmayaraq onları daim ruhlandırdığını sözlərinə əlavə etdi.
Qandinin zorakılığa, istismara, müstəmləkə rejiminə qarşı mübarizəsinin yalnız Hindistanda deyil, bütün dünyada dəstəkləndiyini söyləyən səfir Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən onun şərəfinə “Zorakılığa son” günü elan olunduğunu bildirdi.
Digər çıxışçılar tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür etdilər. Onlar M.Qandinin bu çətin yolda mübariz fəaliyyətinin heç də əbəs olmadığından, bunun Hindistanın tarixində əhəmiyyətli rolundan söz açdılar.
Qeyd edək ki, tədbirdə M.Qandinin həyatını əks etdirən film nümayiş olundu, o cümlədən universitetin Hindistanşünaslıq fakültəsinin tələbələri M.Qandinin dəyərli kəlamlarını səsləndirdilər, Hindistan icmasının kiçik yaşlı uşaqları isə hind dilində Qandinin ibrətamiz sözlərini əks etdirən səhnəciklər göstərdilər.
Həmçinin tədbirdə sertifikatlar verildi, Hindistan mətbəxinə aid qəlyanaltılar təqdim edildi.

ADU-nun Mətbuat Xidməti


ADU-da Mahatma Qandinin doğum gününə həsr olunan tədbir keçirildi

Oxşar xəbərlər