2 nömrəli Bakı Baza Tibb Kollecində təhsil kredit sistemi ilə aparılır

2 nömrəli Bakı Baza Tibb Kollecində təhsil kredit sistemi ilə aparılır 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət orta ixtisas təhsil müəssisəsidir və onun təsisçisi Səhiyyə Nazirliyidir. Kollec 1975-ci ildən fəaliyyət göstərir və burada 7 ixtisas üzrə (mamalıq, feldşer, tibb bacısı, diş texniki, sanitar-feldşer, əczaçı və feldşer-laborant) orta tibb kadrların hazırlığı və onların təkmilləşməsi prosesi həyata keçirilir. Kollec Təhsil Nazirliyi tərəfindən 2013-cü ildə akkreditasiya olunub. Akkreditasiya kollecin statusunu, mütəxəssis hazırlığının dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və məzunlarına ayrı-ayrı istiqamətlər üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququnu təsdiq edib.
Tehsil-press.az xəbər verir ki, bu barədə noyabrın 1-də 2 nömrəli Bakı Baza Tibb Kollecinin fəaliyyətinə həsr olunmuş konfransda müəssisənin rəhbəri Dilarə Məmmədəliyeva məlumat verib.
Konfransda bildirilib ki, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş bir sıra proqramlar, konsepsiya və əsasnamələrə əsasən kollecdə təhsilin məzmununa, müəllim hazırlığına və tələbələrin qiymətləndirilmə sisteminə yenidən baxılaraq bir sıra yeniliklər tətbiq edilib. Kollecin müəllimləri tərəfindən son üç ildə 9 dərs vəsaiti hazırlanıb tələbələrin istifadəsinə verilib. Kollecdə təhsil kredit sistemi ilə aparılır. Bu sistem tədris planlarının şəffaflığını təmin etməklə təhsil proqramlarının ölkədə və xaricdə tanınmasına imkan verir, tələbələrə digər təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır.
Qeyd olunub ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə “Münaqişə komissiyası” və “Qaynar xətt” xidməti təşkil olunub. Kollecdə 2015-2016-cı tədris ilində 8280 dinləyici ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edib.

Oxşar xəbərlər